1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Turun əsas oyunundan qeydlər
"Qəbələ" ilə oyunda "Qarabağ”ın taktiki düzülüşünü 4-1-4-1 adlandırmaq olardı. Niyə "adlandırmaq olardı” yazıram, bu barədə bir qədər sonra...
Əvvəlcə "Qarabağ”ın düzülüşünə ənənəvi taktikası kimi baxsaq, sistemi belə idi: Qapıçı İbrahim Şehiçin önündə mərkəzdə Yakub Jezniçakla Rəşad Sadıqov, solda Donald Gerrye, sağda Maksim Medvedev, onların qarşısında – Qara Qarayevi görməyə alışdığımız yerdə Coşqun Diniyev oynayırdı. Yarımmüdafiə xətti sağdan sola: Dani Kintana, Rahid Əmirquliyev, Riçard Almeyda və Pedro Enrike şəklində idi. Hücumda isə Mahir Mədətov çıxış edirdi.
İndi isə "4-1-4-1 adlandırmaq olar” yazmağımın səbəbi barədə. Zənnimcə, Ansi Aqollinin oynamaması onun qocalması və ya zəifləməsi ilə əlaqədar deyildi. Bu, sırf taktiki gediş idi. Məsələ burasındadı ki, "Qarabağ” ənənəvi formada hücumlarını geridən qurarkən, biz sol cinahdakı Gerryenin daha irəlidə ötürmə gözlədiyini müşahidə edirdik. Sadıqov sola çəkilir, Jezniçak müdafiənin mərkəzində tək qalır, sağ tərəfdə bu iki müdafiəçi ilə bir xətdə Medvedev də dayanırdı. Bu, hardasa, üçlü müdafiəyə bənzəyirdi.
Dörd müdafiəçi bir xətdə olanda qanadları cinahdakı müdafiəçilər oynadırlar, üçlü müdafiədə isə yarımmüdafiəçilər. Bu baxımdan "Qarabağ”ın sistemini 3-1-5-1 də adlandırmaq olardı. Amma hərdən Maksimin sağdan hücumlara qoşulması, oyunçuların arxasından açılması (rusca-zabeqanie, türkcə-bindirme - V.M.) bu ehtimalı şübhə altına alırdı. Çünki üçlü müdafiədə, bildiyim qədəri ilə, üç müdafiəçi arxada qalır və təkrar edirəm, cinahları isə yarımmüdafiəçilər işlədir.
Qurbanovun bu addımı rəqibə qarşı seçilən xüsusi taktika da ola, Gerryenin müdafiə keyfiyyətləri az olduğundan, Sadıqovun onu sığortalaması kimi də başa düşülə bilər. "Qarabağ”ın hücumlarını əsasən sol cinahdan qurması, böyük ehtimalla, bunun düşünülmüş taktiki gediş olması ehtimalı yaradır. Hər halda, taktiki gediş, yoxsa məcburi yerdəyişmə olduğunu qarşıdakı oyunlarda müəyyənləşdirə bilərik.
Ümumiyyətlə, müasir futbolda taktika həlledici amil deyil. Düzdür, təsiri var, amma həlledici amil oyunçunun keyfiyyətidir. Taktikanı isə oyunçuların bacarığına uyğun düzürlər.
Diniyev sarı vərəqə alandan az sonra əvəzləndi. Bu, əsasən onunla əlaqədardır ki, dağıdıcı mövqedə oynayan futbolçunun hər an qaydanı pozması mümkündür və bu, ikinci sarını gətirə bilərdi.
"Qəbələ”nin taktiki sisteminə gəlincə, zənnimcə, bu, 4-2-3-1 idi. "Qarabağ”a nisbətən bu komandanın oyununa az baxdığımdan, oyun sistemini müəyyənləşdirmək bir qədər çətinlik yaradır. Qapıçı Dmitri Bezotosnunun önündə Vitali Vernidub və Voyislav Stankoviç oynayır, Ürfan Abbasovla Qismət Alıyev, müvafiq olaraq, sağ və sol cinahları işlədirdi. Müdafiənin önündə dayaq zonasında iki yerli - Cavid Hüseynovla Asif Məmmədov yer almışdı.
Yeri gəlmişkən, hər iki futbolçu bu zonada xeyli səhv etdilər ki, bu da "Qəbələ”yə baha başa gələ bilərdi. Yenə Məmmədovda az-çox nəsə alınırdı. Hüseynov isə daha çox səhv etdi və təsadüfi deyil ki, ikinci hissədə əvəzlənməli oldu. Görünür, zəif çıxışı həftə ərzində xəstələnməsi üzündən məşqlərin əksəriyyətindən kənarda qalması səbəbindən idi.
Ümumiyyətlə, bu zonada səhvlər qaçılmazdır. Çünki rəqibin ən texnikalı futbolçuları mərkəzi yarmağa çalışırlar. Dayaq yarımmüdafiəçiləri isə rəqibin hücumları zamanı dağıdıcı olmalıdırlar. Lakin bu, heç də həmişə alınmır. Hüseynovla Məmmədovda isə daha çox alınmırdı. Onların səhvlərini Vernidub, Stankoviç və Bezotosnı sığortalayırdılar.
Yarımmüdafiə xətti sağdan sola Ruslan Qurbanov, Filip Ozobiç, Stiven Monroz şəklində idi. Qurbanov görüşdə "Qəbələ”də oynayan yerlilərin içində ən yaxşısı idi. Hücumda isə Baqali Dobo yer almışdı, hərdən də Monrozla yerlərini dəyişirdilər. Hərçənd, oyunun elə 12-ci dəqiqəsində Roman Qriqorçuk Dabonu zədələndiyi üçün əvəzlədi.
Oyunda daha çox hücum edən komanda "Qarabağ” idi. Buna əsasən demək olar ki, Ağdamlılar qələbəyə, "Qəbələ” isə heç-heçəyə oynayırdı.
Görüşün sonuna yaxın Mədətov "Qəbələ”nin oyunçuları ilə mübahisəyə girişdi. Adətən, mübahisə yerlilərlə legionerlər arasında olur. Amma bu dəfə Mahiri əhatəyə alan "Qəbələ”lilər azərbaycanlılar idi. Kim bilir, bəlkə də belə aqressiv münasibətə Mədətovun Qriqorçuk barədə məlum zarafatı səbəb olmuşdu.
Birinci hissədə "Qarabağ” qol vurdu. Lakin hakim qoldan əvvəl qayda pozuntusu qeydə aldı. Qol vuran oyunçu Pedronun həmin epizodda etiraz etməməsi və oyundan sonra da rəqibi itələdiyini etiraf etməsi hakimin düzgün qərar verdiyini təsdiqləyir. Amma qayda pozuntusunun olub-olmadığını biz Pedronun reaksiyasına və ya dediklərinə görə yox, epizodun təkrarına əsasən bilməliyik. Bu qədər bahalı texnologiya alınıb-quraşdırılmasına baxmayaraq, təəssüf ki, epizod uzaqdan göstərilir. Başqa bir epizodda da cərimə meydanında topun ələ dəyib-dəymədiyini təkrardan nəinki sadə tamaşaçı, hətta şərhçilər də müəyyənləşdirə bilmədi. Doğrudanmı epizodun təkrarını dəqiqliyi ilə göstərmək bu qədər çətindi?
Televiziya vasitəsi ilə izlədiyimiz başqa ölkələrin çempionatlarında cürbəcür rakurslardan epizodun təkrarını elə göstərirlər ki, dəqiq nəticəyə gəlmək olsun. "Qarabağ” - "Qəbələ” oyununu fasiləsində mən kanalı "idman Azərbaycan”a dəyişdim. Burada Almaniya çempionatının "Bayer” - "Herta” oyunu göstərilirdi. Şərhçi danışırdı: "Yaranmış fasilədən istifadə edən rejissorlar, maraqlı, mübahisəli anların epizodlarını göstərirlər. Bir qədər sonra həmin oyunda hakim, qapıçı öz oyunçusundan ötürülən topu əlinə götürdüyünə görə "Herta”nın qapısına sərbəst zərbə təyin etdi. Topun həqiqətənmi öz oyunçusundan gəlib-gəlmədiyini almaniyalı rejissorlar bizə çatdırdılar və hər hansı mübahisəyə yer qalmadı.
Vüqar MƏMMƏDOV