İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Perez ilə Kristianu Ronaldu arasında 2012-ci ildə reallaşan dialoq böyük səs-küyə səbəb olub.
Sportnet.az-ının məlumatına görə, Madrid klubunun prezidenti həmin vaxt komandadan ayrılmaq istəyən ulduz futbolçuya şərtlə icazə verib. "France Football" nəşrinə kluba yaxın olan mənbənin verdiyi məlumata əsasən, Ronaldu həmin il "Ballon d'Or" qazanmaq şansını artırmaq üçün Fransanın PSJ klubuna transfer olmaq istəyib.
İspaniya təmsilçinin prezidenti Florentino Perez isə onun qarşısına şərt qoyub. Perez ulduz futbolçuya 200 milyon avroluq transfer məvacibini gətirməsi şərti ilə icazə verəcəyini deyib. O, həmçinin bu məbləği Lionel Messinin transferində istifadə edəcəyini söyləyib.
Qeyd edək ki, 2012-ci ildə "Barselona"nın ulduz futbolçusu Lionel Messinin sərbəst qalma məbləği 200 milyon avro idi.