Vüqar MƏMMƏDOV
Ötən gün Çempionlar Liqasında 1/8 final mərhələsində erkən finala bərabər oyun keçirildi. "Real Madrid”in İspaniya La Liqasında o qədər də yaxşı çıxış etməməsi, PSJ-nin isə əksinə, Fransa Liqasında rəqib tanımamasına əsasən, qonaqları favorit göstərmək olardı. Hər halda mən belə düşünürdüm. Amma oyun göstərdi ki, bu, heç də belə deyilmiş. İspaniyalılar matç başlayan kimi irəli atıldılar və çox gözəl hücumlar təşkil etməyə başladılar.
Bu oyunu erkən final da adlandırmaq olardı. Komandaların ifasında müasir futbolun bütün incəliklərin görmək mümkün idi. Hər iki komanda dinamik, sürətli futbol oynayırdı.
Oyun zamanı, xüsusən, Madrid komandasında ötürmələr ayağa yox, oyunçunun önünə, hərəkət edəcəyi istiqamətə, yaxud boş zonaya atılır, ötürməni almalı futbolçu da qaçaraq, hərəkətdə topu götürür və vəziyyətdən asılı olaraq, davamını gətirirdi. Yəni, lazımdırsa zərbə vurur, yaxud ötürmə verir və ya topla driblinq, fint edirdi. Bu, müasir futbolun tələbidir. Artıq 20-30 il əvvəlki kimi sistem qurub ayağa ötürmə ilə oynamaq mümkün deyil. Rəqib pusquda durur və top sənin ayağına gəlib çatmamış qaçıb götürür. Bu vərdişlər futbolçulara uşaqlıqan öyrədilməlidir. Uşaqlıqda bunu uyğun məşqlər verilməlidir ki, hərəkətə vərdiş alsınlar, dayanıb topun ayağına haçan gələcəyini gözləməsinlər. 20-30 ilin məşqləri verilərsə, bu, mümkün olmaz. Kütləşib gedərlər. Hətta gələcəyin ulduzuna da hərəkətsizliyə sövq edən məşqlər verilsə ondan da bir şey çıxmaz.
Oyun zamanı PSJ hücumlarını əsasən sol tərəfdən qururdu. Toplar sol cinahın üçüncü bölgə ilə ikinci bölgənin kəsişməsində ötürmə gözləyən Neymara ötürülür, o da fərdi keyfiyyətləri hesabına bir neçə oyunçunu aldadaraq qapı ilə üzbəüz mövqeyə yaxınlaşıb vəziyyətdən asılı olaraq ya zərbə vurur, ya da lazım olanda ötürmə edirdi. Bu cür taktiki gedişi, yəni, cinahlardan mərkəzə cərimə, meydança həndəvərinə gəlib qapıya zərbə vurmağı Lui van Qal "Bavariya”da uğurla tətbiq etmişdi. Solda sağ ayaqlı Frank Riberini, sağda isə solaxay Aryen Robbeni oynatmaqla. Onlar öz mövqelərindən texnikaları və sürətləri hesabına qapı tərəfə yaxınlaşıb zərbə vururdular. Məsələ burasındadır ki, belə vəziyyətdə ayaqlar birbaşa "qapını görür”. Yəni, solaxay solda oynasa, belədə cinahdan topu qapı ağzına paralel ötürmək rahatdır, amma sağda oynasa, zərbə vurmaq. Amma PSJ-də Neymar solda Riberi kimi oynasa da, sağdan oynayan Kilian Mbappe Robben kimi oynamırdı. Çünki o, solaxay deyil. Sağ ayaqlı olduğundan, onun işlək ayağı daha çox sağ tərəfdən ötürmə üçün yararlıdır. O, belə də edirdi. Bu cür ötürmələrin birindən sonra da qol vuruldu.
Kriştianu Ronaldu "Real Madrid" qol buraxdıqdan sonra komanda yoldaşlarına hirsləndi. Bu hirslənmək həm də həvəsləndirmək formasında idi. Belə hərəkət badüşüləndir. Superulduz oynadığı komandanın məğlubiyyəti ilə barışmamalıdır.
"Real Madrid”in uğursuz çıxışı Serxio Ramosun olmaması ilə izah edilirdi. Komanda, həm də superkomanda bir nəfərdən asılı olmamalıdır. Amma fakt faktlığında qalır: Ramos gələndən sonra "Real Madrid" uduzmayıb.
Madrid klubunda Marselonun taktiki cəhətdən oyunu maraqlı idi. O, cinah müdafiəçisi kimi çıxış etsə də komandası hücuma keçərkən o, bunu ortaya keçərək edirdi. Adətən, cinah oyunçuları qanadlardan rəqibin cərimə meydançasının xəttinədək irəliləyib asmalar edir. Amma Marselo çox nadir hallarda belə edirdi. Hətta rəqib mərkəzdən hücum edərkən irəli çıxıb, dayaq mövqeyindən müdafiəyə kömək edirdi. Elə qolunu da ortaya yaxın mövqedən vurdu.
PSJ-nin heyətində Anxel Di Mariya və Tyaqo Silva kimi futbolçuların ehtiyatda qalması xeyli təəccüb doğururdu. Di Mariyanı hardasa başa düşmək olar: O, Neymar və Mbappe ilə rəqabət apardığından, ehtiyatda qala bilər. Amma Tyaqo Silva niyə oynamadı, başa düşmək olmur. Onun olmadığı oyunda Braziliya yığmasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti hələ də xatırlanır.
"Real Madrid"in vurduğu ikinci qoldan təxminən 10 saniyə öncə Ronaldu PSJ-nin müdafiəçisi, Tyaqonun mövqeyində oynayan Presnel Kimpembeyə qarşı kobud oynadı. Gəlin, bu epizodu xatırlayaq. Deməli, Kimpembe topu uzaqlaşdırır, bu zaman Ronaldu onun ayağına girir. Düzdür, portuqaliya hücumçu onun ayağına vurmasaydı da uzaqlaşdırılan top madridli oyunçuya düşəcəkdi. Amma yerə yıxılan Kimpembe qalxıb özünə gəlib müvazinətini bərpa edincə "kral klubu" qol vurdu. İskonun qapı ağzına ötürdüyü top düz onun qabağından keçdi. Yıxılmaq səbəbindən diqqəti dağılmasa idi, rahat şəkildə topu çıxara bilərdi. Ümumiyyətlə hakimlik barədə ətrafli bir qədər sonra...
PSJ-nin hücum üçlüyündən, oyun keyfiyyətlərini müqayisə etsək, şübhəsiz ki, Neymar liderdir. Mbappe də yaxşı oyunçudur. Edinson Kavani bu üçlükdə həmin iki nəfərə nisbətən bir qədər az nəzərə çarpırdı.
Oyun zamanı "Real Madrid” yaxşı çıxış edəndə PSJ qol vurdu. Fransa komandası yaxşı oynamağa başlayanda "Real Madrid”. Bu da futbolun gözlənilməzliklərlə dolu olmasına bir sübutdur. Futbol elə buna görə sevilir.
Oyuna baxanlar arasında komandaların prezidentləri ilə yanaşı, Fransanın keçmiş dövlət başçısı Nikola Sarkozi də vardı. Hesab 3:1 olarkən, yaxın planda onları göstərdilər. Klub prezidentləri stadiona baxdıqları halda Sarkozi oyuna oturduqları yerdə olan televizorla baxırdı. Və özünü ekranda görüncə tez yanındakı Peresi təbrik etdi ki, bu, ekrana düşsün. Siyasətçi ki, siyasətçi.
Bir neçə kəlmə də hakimlik haqqında. İspaniya futbol Federasiyasının prezidenti, FİFA və UEFA-nın vitse-prezidenti, UEFA Hakimlər Komitəsinin sədri işləmiş, bu yaxınlarda rüşvət ittihamı ilə həbs olunan Anxel Mariya Vilyar tutduğu postlardan uzaqlaşdırılandan sonra düşünürdüm ki, hakimlər daha İspaniya komandaların xeyrinə səhv etməyəcək. Amma dünənki hakimlik nə qədər qənaətbəxş idi? Konkret epizodları qeyd edirəm: təyin olunan penalti, rəqibin cərimə meydanı həndəvərində Neymara qarşı qayda pozuntusunda susan fit, birinci hissənin ortalarında dayq yarımmüdafiəçisi Covanni Lo Çelsoya göstərilən sarı vərəqə (dağıdıcı mövqe risqli zona sayılır, bu vərəqə həmin futbolçunu ehtiyatlı olmağa məcbur etdi), hesab 1:1 olarkən qapıya gedən topun cərimə meydançasında Ramosun qoluna dəyməsi zamanı və "Real Madrid”ın ikinci qolundan az əvvəl Ronaldunun PSJ-nin müdafiəçisi Kimpembeyə qarşı kobudluğunda susan fit.
Bəlkə də Neymarın vuruşundan sonra hakimin başına dəyən və onu noqdauna salan zərbə simvolik idi. Axı deyirlər həyatda təsadüfən heç nə baş vermir?