"Təəssüf ki, məğlub olduq. Heç kimin əhvalı yerində deyil. Çox pis haldır ki, hesabda öndə olduğumuz vaxt iki kobud səhvə yol verdik və buna görə uduzduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Ruslan Abışov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVIII tur matçından sonra deyib. Hücumçu jurnalistlərinin digər suallarını da cavablandırıb...
- Son 2 matçda oyun görüntüsü və futbolçularınızda həvəs görmürük...
- Ola bilsin, bu, belədir. Yaxud sizə elə görünür. Açığı, bu suala cavab verə bilmərəm. Hər şeyi həll edən və qərar verən baş məşqçidir. Mənim işim meydana çıxıb futbol oynamaqdır.
- Zədəniz nə yerdədir?
- Bilmirəm. Həkim deyir ki, ola bilsin, çat və ya qırıq var. Hazırda yeri çox pis ağrıyır. Ümid edirəm ki, ciddi bir şey olmaz.
- Bu məğlubiyyətdən sonra lider "Qarabağ"dan 10 xal geri düşdünüz...
- "Qarabağ"a çatmaq çox çətin olacaq. Məqsədimiz oyunlara çıxaraq, vuruşmaq və qələbə qazanmaqdır. Necə olacağını zaman göstərəcək.
- Belə məğlubiyyətdən sonra "Neftçi" ilə Azərbaycan Kuboku matçlarına çıxmaq psixoloji cəhətdən çətin olmayacaq?
- Kubok fərqli turnirdir və köklənmə başqa cür olur. Əlbəttə, hazırda psixoloji baxımdan bir qədər məyusuq. Lakin özümüzdə güc tapmalı, toparlanmalı və yolumuza davam etməliyik.
- Sirr deyilsə, baş məşqçi Roman Qriqorçuk paltardəyişmə otağında sizə nə dedi?
- Dedi ki, uşaq səhvlərinə yol verdik. Buna görə də uduzduq.