Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həlli yollarının göstərilməsi” layihəsinin icrasını başa çatdırır. Səkkizinci məqaləmiz milli komanda və klublarda aparılan seleksiya işindəki qüsurlara həsr olunub.
Milli komanda və klublarda aparılan seleksiya işi bir-birindən fərqlənsə də, hər ikisi yüksək peşəkarlıq tələb edir və bu proses futbol sektorunda təməl işlərdən sayılır. Xüsusən də bəzi klubların bu işdə ixtisaslaşması və milyonlar qazanması skaut sisteminin nə dərəcədə önəmli olmasının bariz nümunəsidir.
Fərqli istiqamətlər, oxşar nəticələr
Son 10 ilə nəzər salsaq, AFFA-nın əsas və aşağı yaş qrupları üzrə milli komandalar üçün seleksiya işini fərqli istiqamətlərdə apardığını görərik. Milli assosiasiya Azərbaycanda çıxış edənlərlə yanaşı, ölkə xaricində top qovan bir çox oyunçunu da yığmaya cəb etmək siyasəti yürüdüb. Lakin qürbət ellərdə tapılanların heç də hamısı azərbaycanlı olmayıb. Onların arasında iki qəbildən olan futbolçuların sayı çoxluq təşkil edir. Birinci istiqamət hələ AFFA-nın mərhum prezidenti Fuad Musayev dönəmində üz tutduğumuz Dağıstan bazarıdırsa, digəri Bernhard Lippertin Azərbaycana gəlişindən sonra populyarlaşan Almaniyadır. Lakin nə hikmətdirsə, Ufuk Budak, Əli Gökdəmir, Cihan Özkara, Uğur Pamuk, Taşkın İlter, Pərdis Fərcad-Azad, Tuğrul Eratın timsalında yığmamıza urcah edilən türklərin heç biri özünü doğrultmayıb.
Eyni sözləri müəyyən məbləğ qarşılığında millimizdə oynamağa razılıq verdikləri söylənilən Ramil Şeydayev, Emin Mahmudov, Renat və Rüfət Dadaşov qardaşları barədə də demək olar. Xaricdə yaşayan azərbaycanlı ailələlərin övladları olan bu futbolçular hələlik gözləntilərdən uzaq performans nümayiş etdirirlər.
Təəssüf ki, yerli klublarda uzun müddət çıxış etdikdən sonra milliləşdirilən legionerlər də yaramıza məlhəm olmayıblar. AFFA-nın zərurətdən irəli gələn bu siyasətinin özünü doğrultmadığını istər əsas, istərsə də aşağı yaş qruplarının nəticələri bütün çılpaqlığı ilə göstərməkdədir...
Qurban Qurbanov yaxşı bilir ki...
Azərbaycan milli komandası stadionda böyük publika toplayan kollektiv deyil. Yığmanın matçlarında yaşanan anşlaqlar daha çox rəqiblərin kimliyi ilə əlaqədardır.
Azarkeşlərimiz komandamıza dəstək verməkdən çox Almaniya, Portuqaliya, İtaliya kimi rəqiblərin heyətlərində yer alan ulduzları görmək üçün stadionlara axın edirlər.
Tərəfdarları tribunalardan qaçaq salan birinci səbəb uğursuz nəticələrdirsə, ikinci məqam milliləşdirmə siyasətidir. İnsanımız yığmada öz oyunçularımızı, Azərbaycana bağlı olanları görmək istəyir. Bu, hər nə qədər zərurətdən atılan bir addımdırsa, azarkeşlərin yığmadan üz döndərmələri bahasına olmamalıdır.
Qurban Qurbanovun milliyə baş məşqçi təyinatından və aşağı yaş qrupları üzrə yığmaların da onun sərəncamına verilməsindən sonra əcnəbilərin milliləşdirilməsi siyəsətindən imtina ediləcəyi gözləntisi vardı. Ancaq 45 yaşlı mütəxəssis elə ilk mətbuat konfransında bu kursu davam etdirəcəyini açıqladı ki, bu da başadüşüləndir. Çünki nəticə tələb edənlərin sayı milliləşdirməyə görə incik düşənlərdən çoxdur.
"Qarabağ”la yalnız güclü əcnəbilərin gəlişindən sonra avrokuboklarda uğur qazanmağa başlayan Qurbanov azərbaycanlı futbolçuların potensialına yaxşı bələdir və təkcə onlara bel bağlamaqla, nəticə əldə etməyin mümkünsüzlüyünün fərqindədir. O, Belarus (0:1) və Makedoniya (1:1) ilə yoldaşlıq matçlarından sonra start götürən tənqidlərin əsas hədəf sayılan Millətlər Liqasında büdrəmə halında pik həddinə çata biləcəyini yaxşı anlayır.
Qurbanovun baş məşqçi postuna təyinatından sonra əsas sevindici məqam onun bütün üzdə olan futbolçuları yoxlamaq istəyidir. Yığmanın son toplanışında 29 - 30 yaşlı debütantların olması bunun bariz nümunəsidir.
Boatenqlə Budakın fərqi
Əcnəbilərin milliləşdirilməsi bütün dünyada və əksər idman növlərində rast gəlinən haldır. Lakin bunu edərəkən, futbolun popluyarlığı nəzərə alınmalıdır. Məsələn, bəlkə də bir çoxları xəbərsizdir – stolüstü tennis üzrə Azərbaycan yığmasında Ninq Jinq və Xinhanq Yu adlı iki çinli idmançı var. Bu cütlük beynəlxalq yarışlarda medal qazananda Stolüstü Tennis Federasiyamız "Azərbaycan idmaçısı filan yarışda fəxri kürsüyə yüksəlib” - başlıqlı xəbərlər yayır, amma idmançının adını yazmağa utanırlar. Hərçənd, onların millimizdə yer aldıqlarından çox az adam məlumatlıdır.
Futbolda bu cür gedişlər etmək olmur. Azarkeşlər milliyə cəlb olunan adamın nəsil-nəcabəti ilə maraqlanırlar. Örnəyi, sonuncu dəfə ötən ilin noyabrında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alan Serkan Baloğlu hazırda Türkiyə vətəndaşıdır. Bunu "Eyupspor”un formasını geyinən 21 yaşlı müdafiəçinin Türkiyə Futbol Federasiyasının rəsmi saytında yer alan qeydiyyat vərəqində də görmək mümkündür. Zədələndiyi üçün əsas millinin mart toplanışına gələ bilməyən Türkiyə "Samsunspor”unun oyunçusu Ufuk Budakın da durumu bu cürdür. Belədə sual yaranır: Türkiyə vətəndaşı Azərbaycan millisində necə oynayır?
Milliləşdirmədən söz düşəndə, yığma məşqçilərimiz Almaniya, Fransa və ya İngiltərə yığmalarında da başqa millətdən olan futbolçuların yer aldığını deyirlər. Bəli, doğrudur. Lakin burada incə məqam var. Misalçün, Mesut Özil, Miroslav Kloze, Jerom Boatenq kimi futbolçular Almaniyaya köç edən mühacir ailələlərin övladlarıdırlar. Onlar bizim kimi diyar-diyar düşüb, gözə xoş gələnə pasport vermirlər. Ölkə xaricində futbolçu axtarmaq pis iş deyil. Axtaraq, amma yalnız azərbaycanılıarı axtaraq...
"Portu”nun uğur formulu
Yazının ikinci hissəsində klublarımızın seleksiya işindən söhbət açacağıq. Lakin Pemyer Liqa təmsilçilərimizə keçməzdən öncə bu sahədə əldə etdiyi nailiyyətlərlə ad çıxaran "Portu”nun uğur formuluna nəzər salmaqda fayda var.
Portuqaliya təmsilçisinin uğurlarının təməlində üç kateqoriya üzrə aparılan işlər durur. Birincisi, seleksiya xidmətidir. Bununla bütün dünyada futbolçu axtarışını reallaşdırırlar. Səviyyəyə görə bir neçə qrupa bölünən ölkələrdə "Portu”nun 250-dən (!) çox skautu fəaliyyət göstərir. Bu sayda işçi həddindən çox olsa da, onların illik xərcini qarşılamaq üçün, sadəcə, bir futbolçunun satışı yetərli olur. Özü də klub ştatdakı işçilərinin xidmətindən yararlanır, vasitəçilərlə nadir hallarda əməkdaşlıq edir. Həmçinin, skautlar arasında fərqli vəzifə bölgüsü aparılır. Bu isə o deməkdir ki, bir oyunçunu eyni vaxtda klubun bir neçə əməkdaşı izləyə bilər. Daha sonra onların müstəqil rəyləri tutuşdurulur və yekun qərar qəbul olunur. "Portu” skautlara pul xərcləyən bir klub kimi tanınıb ki, bu da bəhrəsini verir.
İkinci amil klubun istedadlı futbolçularının inkişaf etməsi, öz bacarıqlarını üzə çıxarmaları üçün lazımı şəraitin yaradılmasıdır. Üçüncü məqam isə "Portu”nun oyunçularını satmasıdır. Yəni, klub parlayan futbolçularını saxlayıb, onlarla daha böyük nailiyyətlər əldə etməyə can atmır.
"Portu”nun Portuqaliyada 20 məktəbi var. Akademiyanın əsas oyunçu qaynağı həmin məktəblərdir. Klubun bütün komandalarında vahid 4-3-3 sxemindən istifadə olunur. Bu sistemin seçilməsinə səbəb futbolçuların daha çox induvidual bacarıqlarının inkişafını təmin etməkdir. "Portu”nun məktəblərindən 8 yaşından başlayaraq, futbolçulardan top itkisi halında rəqib oyunçunu sıxmaq və meydanın rəqibə aid hissəsində pressinq tətbiq etmək tələb olunur. Artıq 16 yaşından etibarən xüsusi istedadı ilə seçilənlər əsas komandanın məşqlərinə cəlb edilirlər.
Klub rəhbərliyi onların yetişdirdikləri futbolçuların komanda oyunçusu olmadığını gizlətmir. Onlar hesab edirlər ki, induviduallıqdan daha çox pul qazanmaq olur.
"Portu”nun əsas üstünlüklərindən biri transferlərə pul xərcləməkdən çəkinməməsidir. Onlar sonradan baha qiymətə satdıqları oyunçuları havayı əldə etmirlər. Aşağıdakı cədvəldə bəzi futbolçular üçün ödənilən məbləğ və onların satışından əldə olunan vəsait qeyd olunub. Qiymətlər avro ilə göstərilib.
Futbolçu |
Gəldiyi klub |
Alış qiyməti |
Getdiyi klub |
Satış qiyməti |
Pepe |
Maritimu |
2 mln. |
Real Madrid |
30 mln. |
Halk |
Tokio Verdi |
6 mln. |
Zenit |
40 mln. |
Radamel Falkao |
River Pleyt |
5,5 mln. |
Atletiko |
40 mln. |
Xames Rodriqes |
Banfild |
7 mln. |
Monako |
45 mln. |
Cekson Martines |
Xaquares |
9 mln. |
Atletiko |
37 mln. |
"Portu”nun son 12 ildə futbolçu satışından əldə etdiyi vəsiatin məbləği 810 milyon avro təşkil edib.
Seleksiya? Eşitməmişik!
Təbii ki, Azərbaycan klublarından "Portu” səviyyəsində skaut strukturu formalaşdırmağı tələb etmək gülünc olar. Ən azı ona görə ki, futbol ölkəsi kimi tanınmayan Azərbaycan bunun üçün əlverişli məkan deyil. Lakin təmsilçilərimiz ən azı öz tələblərini ödəmək üçün mədud heyətlə skaut şöbəsi yarada bilərlər. Gəl ki, onlar ən asanını – menecerlərlə əməkdaşlıq etmək yolunu seçiblər və yalnız "transfer pəncərəsi” açılanda əl-ayağa düşürlər. İl ərzində hansısa oyunçunu mütəmadi izləməyə də lüzum görmürlər.
Xarici bazar bir yana, klublarımız heç daxili bazara da göz qoymurlar. Bunu təmsilçilərimizin cari mövsüm üçün yay fasiləsində Peşəkar Futbol Liqasına təqdim etdikləri iştirak ərizələrindən görmək mümkündür. Premyer Liqada çıxış edən 8 klub daxili bazardan – yarısısı əvəzedicilərdən, yarısı isə I Diviziondan olmaqla, ümumilikdə 24 oyunçu götürüblər. Aydın məsələdir ki, onların da əksəriyyəti əsas heyət üzvü deyil.
Təəssüf ki, I Divizionun bombardirləri belə elita klublarına lazım olmurlar. Bunu son illər Əli Bağırov, Röyal Nəcəfov kimi forvardların timsalında görmüşük.
Daxildən oyunçu çıxmır, xaricdən də axtarmırıq. Bəs, seleksiya? Eşitməmişik!
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir