Bu gün futbol üzrə Azərbaycan yığmasının təlim-məşq toplanışına start verilib.
Milli komandalar üzrə mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "Hyatt Regency” otelində məskunlaşan yığmanın düşərgəsində 21 futbolçu var. Almaniyanın "Aue” klubunun fomrasını geyinən Dmitri Nazarov sabah, "Qəbələ” futbolçuları – Cavid Hüseynov, Təmkin Xəlilzadə və İlqar Qurbanov, eləcə də "Keşlə”nin üzvləri Kamran Ağayevlə Slavik Alxasov isə mayın 28-də Azərbaycan Kubokunun final matçından sonra baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaqlar.
"Qəbələ”nin cəzalı olduqları üçün final matçını buraxacaq oyunçuları – Ruslan Qurbanov və Ürfan Abbasov artıq milliyə qoşulublar.
Komanda bu gün saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda ilk məşqinə çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisi mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı keçəcək. Yığma mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya kollektivi ilə yoldaşlıq oyunu çərçivəsində üz-üzə gələcək.