1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu virusu tam məhv edəcəyik" - MÜSAHİBƏ
AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra baş katib Elxan Məmmədov brifinq keçirib. E.Məmmədov Sportnet.az-ın da suallarını cavablandırıb...
- Bugünkü iclasda hansı qərarlar qəbul olundu?
- İki ay əvvəl AFFA İcraiyyə Komitəsinin iclasında I Divizion məsələsi də müzakirə olunmuşdu. Həmin vaxt AFFA Klublar Komitəsi və Məşqçilər Komitəsinin adından I Divizion və əvəzedicilərin çempionatının yeni konsepsiyasını təqdim etmişdik. Lakin İcraiyyə Komitəsinin üzvləri əlavə tapşırıq vermişdilər ki, yenidən bu məsələyə baxaq, bütün qurumlarla bir daha görüşlər keçirək və yenidən detallı konsepsiya təqdim edək. İki ay ərzində Məşqçilər Komitəsi, Klublar Komitəsi, Peşəkar Futbol Liqası, AFFA və I Diviziondakı bəzi klubların nümayəndələri ilə görüşlər keçirdik. Nəticədə yeni konsepsiya hazırlandı. Təbii ki, əsas və aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin istəklərini də bu konspsiyaya əlavə etdik. Onların əsas istəkləri odur ki, I Divizionda gənc futbolçular oynasın. Məşqçilər Komitəsi bir daha təhlil apardı. PFL və klublarla yenidən müzakirələr getdi. İcraiyyə Komitəsinin iclasında yeni konsepsiyamız təqdim olundu. Qərara alındı ki, Premyer Liqa klublarının əvəzedici və ya ikinci komandaları I Divizionda oynasınlar. I Divizionda müvafiq qaydada 4 və ya 6 komanda qalsın. Premyer Liqadan isə ora 8 klubun əvəzedici komandası qatılacaq. Bununla yanaşı, I Divizionda belə bir limit tətbiq olunacaq: 4 nəfər sərbəst, 6 nəfər 1998-ci il təvəllüdlü və daha aşağı yaşlılar və 1 nəfər 2001 təvəllüdlü futbolçu. Bununla da gənc, aşağı yaş qruplarından ibarət yığmalarda çıxış edən və ehtiyatda qalan futbolçulara əlavə şans veriləcək. Hazırda Premyer Liqada hər bir klubun start heyətində 1996-1997 təvəllüdlü futbolçunun olmasına dair şərt var. 1998-ci il təvəllüdlü futbolçulardan isə əksəriyyətinin I Divizionda oynamaq imkanı olacaq. Bu, həm də danışılmış oyunlarla mübarizənin bir yoludur. Çünki əvəzedici komanda birbaşa özünü yox, Premyer Liqa klubunu təmsil edəcək. Onun təmiz mübarizə aparmasına Premyer Liqa klubları məsuliyyət daşıyacaqlar. Düşünürük ki, onların köməyi ilə biz bu virusu tam məhv edəcəyik.
- Bəs I Diviziondan Premyer Liqaya vəsiqə necə təmin olunacaq?
- Təbii ki, yalnız I Divizion komandaları bu hüququ qazanacaqlar. Əvəzedici komandaların isə Premyer Liqaya yüksəlmək imkanı olmayacaq.
- Divizion komandalarının sayının 4 - 6 aralığında olacağını dediniz. Bəs 7-ci komandanın da iştirak imkanı olsa, onun aqibəti necə olacaq?
- Yarışa ötən mövsüm I Divizionda iştirak etmiş komandalar buraxılacaq. Yeni klub olmayacaq. Çünki yeni komandalar ən azı 2 il Region Liqasında oynamalıdırlar ki, I Diviziona gəlsinlər. Təcrübə göstərir ki, yeni komanda I Divizionda bir mövsüm çıxış edəndən sonra yox olur. Ona görə də AFFA olaraq, əmin olmalıyıq ki, həmin klub peşəkar niyyətlidir və futbola müsbət töhfəsini vermək arzusundadır. Digər tərəfdən, ötən mövsüm baş vermiş danışılmış oyun halları ilə bağlı ümumi məlumatları analiz edərək, qərar qəbul edəcəyik. Artıq bəzi klubların adları məlumdur. Bununla bağlı Peşəkar Futbol Liqası məlumat versə, daha yaxşı olar. Bölgə təmsilçilərini və orada uşaq futbolunun inkişaf etdirilməsini nəzərə almalıyıq. I Divizion komandaları öz strategiyalarını limitə uyğun müəyyənləşdirməlidirlər. Ona görə də I Divizionda oynamaq istəyən klubda uşaq və gənc futbolçu potensialını da nəzərə alacağıq.
- Premyer Liqada 8, I Divizonda maksimum 14 komanda çıxış edəcək. 2020-ci il Avropa çempionatında oynamaq istəyən ölkədə cəmi 14 klubun olması nə dərəcədə düzgündür?
- Bir tərəfdən sizinlə razıyam. Ola bilsin, bu, çox da ideal variant deyil. Amma bu gün biz reallığı anlamalıyıq. Real vəziyyəti hamımız görürük. Vəziyyət belədir ki, I Divizionda viruslar var, onları məhv etməliyik. Digər tərəfdən, öz hesabına maliyyələşən klublar, təəssüf ki, mövcud deyil. AFFA-nın vəsaiti hesabına 12 - 14 klubu maliyyələşdirə bilmərik. Sponsorlardan əldə etdiyimiz vəsait hesabına bəzi klublara maliyyə ayırırıq. Lakin məsələ kəmiyyətdə yox, keyfiyyətdədir. Son dünya və Avropa çempionatlarına vəsiqə qazanmış ölkələrdən bəzilərinin çempionatlarında 8, 10 və ya 12 komanda çıxış edir. Çünki onlar keyfiyyətə üstünlük verirlər, futbolçuları isə öz üzərlərində daha ciddi işləyir, məsuliyyətlərini hiss edir və gələcəklərini düşünürlər. Bunun nəticəsidir ki, xarici ölkələrin çempionatlarına üz tutur, tanınmış klublarda oynayırlar. Bununla bağlı ən yeni misal Xorvatiya yığmasıdır. Bu komanda dünya çempionatının finalçısı oldu. Lakin Xorvatiya klublarının Çempionlar Liqasının qrup mərhələsində sonuncu dəfə nə vaxt çıxış etdiklərinə baxmaq lazımdır. Bu ölkənin futbolçularının əksəriyyəti xaricdə çıxış edir. Çünki vaxtilə keyfyyətə üstünlük veriblər. 12 - 14 yaşlarında ikən xaricə üz tutublar və hazırda tanınmış klublarda çıxış edirlər. Xorvatiya millisinin heyətindəki futbolçuların əksəriyyəti bu ölkənin çempionatında oynamır. Bunu da etiraf edək ki, 8 komandalı çempionatımızda çıxış edən "Qarabağ" Çempionlar Liqasının, "Qəbələ" isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.
- Lakin Avroliqadakı uğursuzluqlar göstərdi ki, çempionatın səviyyəsi yavaş-yavaş enir...
- Gəlin, bu ümidlə yaşayaq ki, "Qarabağ" bizi yenidən sevindirəcək. Axı bu klub başqa çempionatda oynamır?! 7 klubla mübarizə apararaq, Çempionlar Liqasına vəsiqə qazanır. Yəni, çempionatımızdakı sağlam rəqabətin nəticəsidir ki, "Qarabağ" Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində oynayır. Əslində Avroliqanın qrup mərhələsində oynamaq belə, Azərbaycan futbolu üçün böyük uğurdur.
- AFFA yanında Media Komitəsi ilə bağlı məsələnin də İcraiyyə Komitəsinin gündəliyinə çıxarılacağı gözlənilirdi. Bu, baş verdi?
- Xeyr. Əslində bu, gözlənilmirdi. Bugünkü iclasda əsas məsələ I Divizionla bağlı idi. Çünki yaxın günlərdə Peşəkar Futbol Liqası püşkatmanı keçirməlidir. Yeni konsepsiyaya əsasən, I Divizionda mübarizə Premyer Liqa ilə bərabər getməlidir. Yarış FİFA-nın pəncərəsinə uyğun gəlməlidir. Media Komitəsi ilə bağlı qərar isə növbəti iclasda qəbul olunacaq. Çox güman ki, sentyabrın sonu-oktyabrın əvvəllərində növbəti iclas keçiriləcək.
- Klubları maliyyələşdirmək AFFA-nın borcu deyil. Amma görürük ki, futbola yaxın duran yoxdur. Vəziyyəti dəyişmək üçün hansı addımlar atmağı nəzərdə tutursunuz?
- Düşünür, təhlil aparır, digər ölkələrin təcrübələrinə baxırıq. Əslində böyük futbol ölkələrində də belə problemlər olub. Mən onlarla müqayisə aparmaq istəmirəm. Amma təcrübəyə nəzər yetirsək, Şərqi Avropanın bəzi ölkələrində də əvvəllər belə problem olub. Böyük futbol ölkələrindən İspaniyada da 1990-cı illərdə klublara dövlət dotasiya ayırıb, dəstək verib. Biz yaxın keçmişədək hər birinin öz sponsoru olan 12 klubdan ibarət çempionat keçirmişik. Amma bəzi hallarda onların büdcələrində süni şəkildə artım var idi. Keyfiyyət isə bugünkü kimi deyildi. Lakin hazırda keyfiyyətə daha çox üstünlük veririk. Məncə, bununla bağlı bir qədər səbirli olmalıyıq. Təbii ki, bir müddət keçdikdən sonra əvvəlki vəziyyət bərpa olunacaq, sponsorların, yerli icra hakimiyyətlərinin marağı yenə artacaq və futbola müvafiq qaydada maliyyə investisiyası qoyulacaq.