Topaz Premyer Liqasının ilk turunda "Keşlə”yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra "Sabah”ın ukraynalı legioneri Vitali Kvaşukun Sportnet.az-a müsahibəsi
- Oyunu necə dəyərləndirərdiniz?
- Çox ağır oyun oldu. İlk növbədə, bunun səbəbi rəqibimizin yaxşı komanda olması idi. Əbəs yerə Azərbaycanı cari avrokuboklarda təmsil etməyiblər ki... Eyni zamanda, meydanın ağır olması da işimizi əngəlləyirdi. Komandamız sürətli oynamağa və ötürmələrə üstünlük verir. Bu meydanda isə dediklərimi həyata keçirmək bir qədər çətin idi.
- Bakı istisi mənfi təsir etmirdi?
- Deməzdim ki, bu gün elə də isti idi. "Sabah"a iyulda qoşulmuşam. Həmin vaxt istidən dəli olurdum. Bu gün isə hər şey qaydasında idi. Nə yaxşı ki, oyunu axşam 9-da başlamaq qərarı qəbul edilmişdi.
- Yeni komandanıza tam adaptasiya ola bilmisiniz?
- Gözləniləndən də tez. Demək olar ki, hamı rusca danışır. Nəyisə başa düşməyəndə tərcümə edirlər. Baş məşqçinin tələblərini qavramışam. Necə oynadığıma, ilk növbədə, məşqçi heyətimiz qiymət verməlidir. Bu barədə danışmaq, yazmaq isə siz – jurnalistlərin öhdəsinə düşür. Özüm isə qısaca bunu deyə bilərəm ki, zənnimcə, debüt üçün pis oynamadım.
- "Sabah” qısa tarixi ərzində ilk dəfə Topaz Premyer Liqası matçına çıxdı və debütü uğurlu alındı. Komandanızınn və şəxsən özünüzün ambisiyaları barədə fikirləriniz necədir?
- İnsan elita komandasına cəlb olunursa, ilk növbədə, nələrisə sübut etməyə can atır. Bu səbəbdən, ambisiyalarımız çox yüksəkdir. Aydın məsələdir ki, ilk 3-4 pilləni nəzərdə tutmuram. Realist olmaq lazımdı. Turnir cədvəlinin ortalarında qərarlaşmaq minimum hədəf olmalıdır.
- Amma ölkə Kubokunun qalibini, özü də səfərdə məğlub etdiniz...
- Bəlkə də təvazökarlıqdan qaynaqlanır. "Keşlə” doğrudan da yaxşı komandadır. Yerli futbolçuları da, əcnəbiləri də xoş təsir bağışlayırdılar. Sadəcə, baş məşqçimizin rəqibin nisbətən zəif mövqelərini bizə göstərməsi, yəqin ki, qələbədə az rol oynamadı. Ən azından Elşad Əhmədovun dediklərini həyata keçirməyə çalışdıq. Qalib gəlmişiksə, deməli, tapşırıqları düzgün yerinə yetirmişik. Axı, qaliblər mühakimə olunmur.
- Sizcə, "Sabah” nəyin hesabına qalib gəlməyi bacardı?
- Sərbəst, sakit, həyəcansız oynayırdıq. Əlbəttə, oyuna motivasiyamız çox yaxşı idi. Zənnimcə, öz oyunumuzu sərgiləyə bildik və bu, bizə istədiyimiz nəticəni qazandırdı. Söhbət müdafiədən hücuma maksimum tez keçməkdən və bir göz qırpımında boş zonaları tapmaqdan gedir.
- Ukrayna yığmasının sabiq hücumçusu Marko Deviçlə bir komandada oynamaq hansı hissləri yaratdı?
- O, Ukraynada əfsanədir! Mənim üçün bu futbolçu top-səviyyəlidir. Çünki Marko elə bir karyeraya sahibdir ki, əlavə şərhə ehtiyac duymursan. Kimsə deyə bilər ki, yaşı çoxdur. Bəs oyun vaxtı gördüklərimiz? Deviçin fiziki durumuna 25 yaşlı futbolçular həsəd aparar. Özünə, futbola, sənətinə çox peşəkar yanaşır. Qısası, Deviç çox böyük futbolçudur.
- Bu gün azərbaycanlı futbolçular arasında ən güclü "10 nömrə” Cavid İmamverdiyev sayılır. "Keşlə” ilə matçda zədə üzündən meydanda olmasa da, barəsində fikirlərini bilmək istəyərdik...
- Fərdi keyfiyyətləri, topla davranışı barədə artıq ilk birgə məşqdən sonra əminliklə müsbət fikirlər səsləndirə bilərdim. Usta futbolçudur. Meydanın mərkəzində iti ötürmə verməklə rəqibi çaş-baş salmaq iqtidarındadır. Təəssüf ki, bu gün bizə kömək edə bilmədi. Ancaq qarşıdakı oyunlarda komandaya çox xeyri dəyəcək.