Avqustun 23-də Moldovada "Şerif" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu CBC Sport telekanalı yayımlamayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə telekanalın bəyanatında bildirilir. Səbəb kimi oyunun yayım hüququna malik olan "Şerif” Futbol Klubunun çox böyük məbləğ istəməsi göstərilib. Moldova klubunun tələb etdiyi məbləğin bu səviyyədə bir oyun üçün real məbləğin 10 qatına bərabər olduğu bildirilir.
"CBC Sport” telekanalı qarşı tərəfə əvvəlcə siqnal mübadiləsi, sonra isə daha aşağı məbləğ təklif etsə də, "Şerif” FK Moldova kanallarının heç birinin Bakıdakı görüşə maraq göstərməməsini əsas gətirərək ilk oyunun çəkilişinə və yayımına görə tələb etdiyi məbləğdə güzəştə getməyib.
"Ötən il də bu komandaların Çempionlar Liqasının III təsnifat mərhələsindəki oyununda buna bənzər hadisə yaşanmış, yenə "Şerif” FK-nın istədiyi qeyri-real məbləğ səbəbindən oyunun Azərbaycana yayımı baş tutmamışdı. Hazırda ölkəmizdə bu oyuna maraq göstərən kanallar üçün danışıqlar prosesi açıq olaraq qalır. Amma öz tərəfimizdən təəssüf hissi ilə bəyan edirik ki, "Şerif” – "Qarabağ” görüşü yuxarıda qeyd olunan səbəblərlə əlaqədar "CBC Sport” kanalında olmayacaq. İzləyicilərimizin, azarkeşlərin və futbol ictimaiyyətinin bu qərarı anlayışla qarşılayacağına ümid edirik" deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, sabah "Şerif" İdman Kompleksinin stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.