Azərbaycan Premyer Liqasında IV turun "Sabah”la səfər oyunundan sonra "Qəbələ” komandasının baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Deyiləsi bir şey yoxdur. Birqapıya oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Biz hücumlar etdik, rəqib fərqləndi. Əvvəldən də bilirdik ki, "Sabah” bu cür oynayacaq. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbə üzünə həsrətik. Oyundan razı olsam da, nəticə pisdi. Vəziyyətdən çıxış yolu axtaracağıq.
- Vəziyyətdən çıxış yolu üçün ilk atılacaq addım hansıdır?
- İlk növbədə, psixoloji təzyiq altına düşməməliyik. Əsas budur ki, uşaqlar qələbəsizlikdən sarsılmasınlar.
- Artıq 25-ci dəqiqədə hakimdən narazılıq etdiniz və şifahi xəbərdarlıq aldınız…
- Ciddi iradım yoxdur. Ola bilər hansısa xırda epizodlar olsun. Bunun da təkrarına baxmaq lazımdır.