"Millətlər Liqasının oyunlarına görə çempionatda fasilə vardı. Biz yığmanın düşərgəsində olsaq da, komanda yaxşı hazırlaşmışdı. Bizim üçün 3 xallıq matç idi, qələbə üçün çıxmışdıq. Gözləmədən əks-hücumda qol buraxdıq".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Cinah yarımmüdafiəçisi bildirib ki, rəqib yalnız bir qol epizodu yaradıb və bunu reallaşdırıb: "Sabah" haqda çox danışmaq istəmirəm. 90 dəqiqə qapımıza bir dəfə gəldilər, onda da qol vurdular. Fasilədən sonra da bacardığımızı etdik. Bircə qol çatışmadı. Çempionatımız gərgin keçir. Komandalar bir-birilərinə qarşı çox ciddi hazırlaşırlar, barışmaz mübarizə gedir. Oyundan-oyuna artırırıq. Düzdür, bizi də, rəhbərliyi də - heç kimi bu nəticə qane etmir. Toparlanmaq lazımdır. Bir həftə vaxtımız var. Biz burada oynayan-oynamayan hamımız bir kollektivik. Epizodu biri vura bilmirsə, demək, hamımızın səhvi var. Bunu bir nəfərə bağlamaq olmaz. Mən də istəyirəm ki, bütün hücumlar qolla nəticələnsin. Qol olmayanda meydanda içindəki hirsi çıxardırsan. Qaçırdığım epiozdlar qolla nəticələnməli idi. Rəqibin cərimə meydançasında yıxıldığım epizoda gəlincə, rəqib topa da dəydi, ayağıma da. Hakim penalti təyin etmədisə, yəqin haqlıdır. Ümumiyyətlə hakimlik haqda danışmaq istəmirəm".
Xəlilzadə V turda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb: "Digər rəqiblərə qarşı necədirsə, bu dəfə elə hazırlaşacağıq. Yaxşı nəticə qazanmağa çalışacağıq".