"Yaxşı oyun keçirdik, çoxlu qol vəziyyətləri yaratdıq. Demək olar ki, hər şeyi düzgün etdik, amma bəxtimiz gətirmədi. Futboldur, belə şeylər olur. Bəzən sən oynayırsan, amma qol vura bilmirsən. Bəzən də pis oynayırsan, amma qələbə qazanırsan. Əsas odur ki, məğlub olmadıq. Şanslarımız davam edir. Son ana qədər mübarizə aparacağıq”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Bədavi Hüseynov UEFA Millətlər Liqasında evdə Malta ilə 1:1 hesablı heç-heçə etdikləri IV tur matçından sonra keçirdiyi brifinqdə deyib. Təcrübəli müdafiəçi bildirib ki, rəqibin qolu gözlənilməz alınıb: "Oyuna normal nəzarət edirdik. Rəqibin bir vəziyyəti qolla nəticələndi. Gözlənilməz oldu. Demək olar ki, sonra başqa vəziyyətləri olmadı".
Hüseynov qrupda birinci yerin taleyinin son turda Kosovo ilə oyunda həll olunacağını vurğulayıb: "Əlbəttə, ümid hələ də qalıb. Əhval-ruhiyyəmiz yaxşıdır. Çünki bilirik ki, Kosovo da xal itirib. Qarşıda iki oyun var, hər şey Kosovo ilə səfər matçında həll olunacaq. Biz yaxşı oynayır, qol imkanları əldə edirik. Maksimum konsentrasiya ilə istənilən rəqibə qalib gəlmək olar".
Qeyd edək ki, 4 turdan sonra Kosovonun 8, Azərbaycanın 6 xalı var. Növbəti turda Azərbaycan Farer adalarını qəbul edəcək, Kosovo isə Maltanın qonağı olacaq. Son turda isə bu iki komanda bir-biri ilə Priştinada qarşılaşacaq.