Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov son iki qarşılaşmada "Neftçi"nin futbolçularına əsas heyətdə yer verməməsinin səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 46 yaşlı mütəxəssis "ağ-qaralar"ın bir çox yerli oyunçusunun öz klubda əsas heyətə düşmədiklərini bildirib. O, flaqmana qarşı daim simpatiyasının olduğunu vurğulayıb: "Bunu "Neftçi" azarkeşləri də bilir. Bu kluba həmişə simpatiyam olub və olacaq da. Çünki futbolçu kimi ən yaxşı karyeram "Neftçi”də olub. Peşəkar futbola orada başlamışam və legioner həyatına da "Neftçi”dən yollanmışam. İnanmıram ki, bu klubun azarkeşləri belə fikir bildirsinlər. Çağırdığımız oyunçular klubda əsas heyətdə oynamırlar. Rəhman Hacıyev, Namiq Ələsgərov oynamır. Emin Mahmudovu əvvəlki iki görüşdə əsas heyətdə oynatmışdım. Məni tanıyan belə fikir söyləməz".
Qurbanovun sözlərinə görə, klubların özləri yığma oyunçularını əsas heyətə az buraxırlar: "Təkcə "Neftçi” yox, digər klublar da deyə bilərlər ki, oyunçumu çağırıb, oynatmırlar. Amma klubların özləri məndən az şans verirlər. Bəlkə sabah yenə "Qarabağ” oyunçularına daha çox şans verəcəyəm?! Amma bu, o demək deyil ki, hansısa oyunçunu kənara atıram. İnanmıram ki, millidə hansısa futbolçu qərarımdan narazıdır. Çalışıram ki, hamının haqqını verim".
Qeyd edək ki, Azərbaycan yığmasının səfərdə Farer adalarını 3:0 hesabı ilə yendiyi görüşdə "Neftçi"nin futbolçularından yalnız Emin Mahmudov ikinci hissədə meydana daxil olub. Malta ilə bugünkü qarşılaşmada isə flaqmanın heç bir futbolçusu oynamayıb.