1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Kamran söhbətini ortaya atan utansın"
"İkinci topu buraxdıqdan sonra, xüsusən, ikinci hissədə qarşılıqlı hücumlar şəraitində gedən matç izlədik. Ötən turla müqayisədə bu gün bəzi dəyişiklər etmişdik. Kamran Ağayev və Diallo Quydileye yığmadan zədəli qayıdıb. Georgios Georgiadis məşqdə xəsarət almışdı. İki səhvdən qol buraxdıq. Böyük hesabla da uduza bilədik. Çünki ikinci hissədə biz təzyiqləri artırdıqca, əks-hücumlarda yüzfaizli qollar buraxmaqdan yaxşı qurtulduq. Amma ümumilikdə komandamız mübarizə apardı. Məni narahat edən həm çox top buraxmağımız. həm də az qol vurmağımızdır. Ötən oyun 4 qol vurmuşdusa, bu dəfə bacarmadıq. Müdafiədə isə böyük səhvlər buraxdıq. Kamran Ağayevin olmaması və bəzi futbolçuların sonradan oyuna girmələri təsirini göstərdi. 4-3-3 sisteminə keçərək, hücumda say üstünülüyünü artırdıq. Ancaq aqressiv oynaya bilmədik və bununla da uduzduq. Rəqibi təbrik edirəm. Qarşıdakı ağır oyunlara daha yaxşı hazırlşamağa və xal hesabımızı artırmağa çalışacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Kamran Ağayevlə bağlı xoşagəlməz söhbətlər yayılıb. Onun zədəsi nə dərəcədə ciddidir?
- Bilmirəm mətbuatda nə yazırlar. Oxumuram, mənə deyirlər. Yayılan məlumatlardan belə çıxır ki, Kamran Ağayev millini pis vəziyyətdə qoyub, bilərəkdən Kosovoya getməyib. Siz bunu demək istəyirsinizsə, mən də açıq danışım. Deməli, milli yalnız Kamrandan asılıdır və o olmasaydı, bütün oyunlarda uduzacaqdı. Farer adaları ilə ev oyununun ikinci hissəsində o, əvəzlənsə də, yığmamız qələbəni qorudu. Niyə onda heç kim demədi ki, Kamran yalandan zədəli olduğunu bildirir? Həqiqət budur ki, Kamranın ayağında böyük zədə - ödəm, əzələlər arasında qan yığılması var. Bunu həkimlərdən də soruşa bilərsiniz, MRT göstərmir. Bu gün Kamranın yoxluğunun acısını yaşadıq. Qapıda o yox, Davud Kərimi dayandı. Kim bu söhbəti yayırsa, gərək utansın. Millimiz tək Kamrandan asılıdırsa, bizim böyük uğurlardan danışmağa haqqımız yoxdur. Bundan əvvəl Səlahət Ağayev haqda çox danışırdılar ki, qapıda yaxşı durur, "Neftçi"ni çempionatda birinci yerə dayışıb. Kosovoya Kamran yox, Səlahət gedib. Kamranın üstünə yıxırlar ki, onun bilərəkdən getməməsi üzündən 0:4 hesabı ilə uduzmuşuq. Hazırda o, müalicə alır. Bəlkə "Qarabağ"la oyunadək də hazır olmadı. Həkimlərə tapşırıq vermişəm ki, növbəti matçımızadək zədəsini yüngülləşdirsinlər. Amma indiki durumda 99 faiz hazır deyil. Yəni, bunlar yanlış informasiyalardır. Kimlər buraxıb? Belə yazıları yayanlar, belə şayiələri buraxanlar gərək utansınlar. Bircə Kamrandan asılı olması yığmanın adına yaraşmaz.
- Uzün müddət millinin kapitanı olmusunuz. Milli haqda "torba" söhbətlərinə münasibətiniz necədir?
- Üzr istəyirəm bu ifadəmə görə, "torba" sözünü işlədənlər deməli, zamanında özü bununla məşğul olub, indi onu işlədir. Heç vaxt deyə bilmərəm ki, futbolçu kiməsə "torba tikdi" və ya bilərəkdən oynamayaraq, oyunu satdı. Kim mənə deyə bilər ki, oyun satmaq necə olur, oyun necə satılır? Axı mən bunu həyatım boyu etməmişəm. İnsanları belə hallara görə necə ittiham edim? O işlə məşğul olan insan o sözü dilinə gətirirsə, özündən soruşmaq lazımdır ki, dediklərini sübuta yetirsin. Heç kimi heç vaxt nədəsə ittiham etmək olmaz. Kiminsə adına söz çıxaran insanın keçmişini araşdırmaq lazımdır ki, özü nə olub? Hər zaman mətbuata açıq adamam. Uğursuzluq olduqda səbəbini özümüzdə yox, başqasında axtarır və günahı kimlərinsə üstünə yıxmağa çalışırıq. İnanmıram ki, yığmada belə hallar olsun. Bizim dövrdə nə pul vardı, nə də təlim-məşq toplanışları. Ümumiyyətlə, heç nə yox idi. Sadəcə, vətənpərvər olmuşduq. 3-4 ildə bir dəfə rəhmətlik Fuad Musayevin hesabına Kiprə və ya Yunanıstana gedərdik. Bizdən tələb olunurdu ki, sadəcə, milli yaşasın. Biz də bu istəyi bacardığımız qədər həyata keçirmişik. Amma bu gün hər cür şərait var. İnanmıram ki, futbolçular belə işlərlə məşğul olsunlar. Futbolçuların "torba tikdiklərini", oyunu satdıqlarını yüz faiz bilirlərsə, bunu sübut etmək lazımdır. Heç kimi yanlışlıqda ittiham etmək olmaz.
- Lazım gəlsə, klub olaraq Kamran Ağayevin zədəsi ilə bağlı həkim sənədini təqdim edə bilərsiniz? Çünki özü bu gün 90 dəqiqə ayaqüstə oyunu izlədi...
- Heç bir problem yoxdur, həmişə hazırıq. Zədədən-zədəyə fərq var. Azər Salahlının ayağı gipsdədir, qoymuram əsa ilə bazaya gəlsin. Kamranda isə məşq vaxtı, qaçıb-tullandıqda ödəm əzələni qıra bilər. Bilmirəm, o, bu gün kənarda tullanırdı, qaçırdı. Ancaq fikir versəniz, normal yeriyə bilmir. O qədər düşüncəsizik ki, zədəsi olmaya-olmaya Kamranı ümumiyyətlə, ehtiyatda da saxlamayaq? Deyərdik ki, oranı aldatmısansa, bizi aldatmaq çətindir. Peşəkar futbolçudur, klubdan maaş alır. Mümkün deyil ki, o, oynamasın, mən isə 3 xal itirim. Davud Kərimi neçə vaxtdır oynamır, atası da bir neçə gün öncə rəhmətə gedib. Onun problemi daha ağırdır, nəinki Kamranın. Məcburiyyətdən bu addımı atmışıqsa, hər şeyə hazırıq. O sözü deyən millinin həkiminin (Vyaçeslav Xomenko - red.) özünü məhşər ayağına çəkmək lazımdır. Farer adaları ilə Bakıdakı oyundan bir gün əvvəl Kamranın ayağında ağrı vardı. Amma Xomenko deyib ki, qorxulu bir şey yoxdur, oynaya bilərsən. Sonda nəticəsi belə olub. Problem yoxdur, biz də həkimin səhvini göstərə bilərik.
- Davud Kəriminin debütünü necə qiymətləndirirsiniz?
- Bütün futbolçuların oyunlarını normal qiymətləndirirəm. Səhvlər üzərində işləyirik. Davudu qınamağımız qeyri-mümkündür. Valideynin dünyasını dəyişməsi böyük itkidir, acıdır, buna şərikik. Bu gün Davud iki top buraxmayıb, bütün komanda uduzub. "Keşlə"də ilk dəfə qapını qorudu, çıxışını normal qiymətləndirirəm. Futbolçu qıtlığımız var. Müdafiədəki səhvlərimizi, boşluqları görürəm. Uduzmusuqsa, heç kimi tərifləyə bilmərəm. Keçən tur udanda da razı deyildim, çünki səhvlərimiz vardı.
- Heyətə azad agent statuslu oyunçu cəlb etməyiniz mümkün deyil?
- Elə futbolçu olsaydı, çoxdan dəyişikliklər edərdim. Amma hələlik futbolçu qıtlığımız var. Azər Salahlının zədəli olması mənim üçün böyük problemdir. Ayite Conatan sıradan çıxıb, Murad Qayalının nə zaman qayıdacağı bilinmir. Qayalının xəstəliyinin qarşısında tibb elmi də acizdir. "Neftçi"də də belə futbolçu var idi. Onlara ağır tapşırıq vermək olmurdu. Bu gün Murad olsaydı, əsas heyətdə oynadardım. Çünki yerli futbolçunun daha çox çıxış etməsini istəyirəm. Müdafiədəki səhvləri, boşluqları mən də görürəm. Amma hələlik çıxış yolu tapa bilmirik. Bu gün uduzmuşuqsa, heç kimi tərifləyə bilmərəm. Keçən tur qələbə qazanmışdıq, demişdim ki, oyundan yox, nəticədən razıyam. Çünki səhvlərimiz daha çox idi. Bu gün də həmçinin. Əlimizdəki materialdan maksimum yararlanmağa çalışırıq.
- Əvəzetmələriniz özünü doğrultdumu?
- Həmişə afrikalılarla bağlı problem yaşayırıq. Ebrima Sohna ilə Diallo millidən 3-4 gün sonra qayıdıblar. Diallonun ayağında ağırıları vardı, ümumiyyətlə, məşq etməyib. Daha sürətli komanda istəyirəm. Ancaq əlimdə olan "material" budur. Hamıya şans verirəm. Kənardan futbolçuların oyunu daha yaxşı görünür. Biz isə videotəkrara baxdıqdan sonra kimin necə təsir bağışladığını dəqiqləşdiririk. Hər bir futbolçu şansını dəyərləndirməlidir. Kimin hazır olub-olmadığı mövsümün sonunda üzə çıxacaq.
- Qış fasiləsində heyətdə cüzi, yoxsa ciddi dəyişiklərə ehtiyac var?
- Əvvəllər istənilən komanda mövsümün ortasında heyəti tam dəyişdirə bilərdi. Son 4-5 ildə limit qoyulub ki, il ərzində 30 futbolçu əsas komandada olsun, 30-u da əvəzeidicilərdə. Ona görə də bütün heyəti dəyişmək mümkün deyil. Amma cüzi dəyişikliklər olacaq. Komanda güclənəcək, bunun üzərində işləyirik. Həm yerli, həm də əcnəbi axtarışındayıq. Yerli futbolçu problemimiz var. Azərbaycanlı oyunçuları heyətə limitə düşməmək üçün cəlb edirik. Amma oyunu dəyişəcək, hücum xəttində daha yaxşı, daha aqressiv ola biləcək yerli futbolçumuz yoxdur. Ona görə də həm yerli, həm də legioner axtarışındayıq.
- Hansı mövqelərə transfer olunacaq?
- Açığı, bütün mövqelər məni narahat edir. Nə alternativim var, nə də oyunu dəyişdirə biləcək oyunçum. Amma mənə daha çox orta xətt futbolçusu lazımmdır.