"Matçın 70-ci dəqiqəsinə qədər hər şey qaydasında idi. Görüşə yaxşı başlamağı və rəqibə təzyiq etməyi bacardıq. Çevik davranırdıq və bu, son 20 dəqiqəyə qədər davam etdi. Ancaq daha sonra şənbə günü keçirdiyimiz oyundan dolayı gücümüz tükəndi və işimizi çətinləşdirdik”.
Sportnet.az xəbər verir ki, bunu İspaniyanın "Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda evdə Fransa "Monako”sunu 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.
48 yaşlı argentinalı mütəxəssis mətbuat konfransında ötən mövsüm ÇL-in qrupunda "Qarabağ”a qarşı keçirdikləri görüşləri də xatırlayıb: "Qarabağ”la oyunlarda qol vurmağın yolunu necə tapmalı olduğumuzu bilmirdik. Belə yarışlarda bu məsələni həll etməsəniz, hər şey çox çətin olacaq. Bugünə qədər ÇL hər şeyi çox yaxşı etmişik və 1/8 finala vəsiqə qazanmışıq”.
Qeyd edək ki, ötən mövsüm ÇL-də "Qarabağ”la eyni qrupda yer almış "Atletiko” hər iki matçda Azərbaycan çempionunu məğlub edə bilməyib – 0:0, 1:1. Cari yarışda H qrupunda qərarlaşan Madrid təmsilçisi 12 xalla 1-ci pillədədir və 1/8 finala vəsiqəni təmin edib.