
"Qarabağ" klubu futbolçusu Coşqun Diniyevlə yollarını ayırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Bu gediş orta sahəyə Qazaxıstan "Astana"sından Riçard Almeydanın icarəyə götürülməsindən sonraya təsadüf edib. 2015-ci ildən komandamızda çıxış edən C.Diniyev 112 matçda 5 qol vurub.
O, karyerasını "Sabah" komandasında davam etdirəcək. Premyer Liqanın debütant klubundan Sportnet.az-a verilən məlumata görə, bu futbolçu ilə 3 illik müqavilə bağlanılıb. Yeni transfer karyerası ərzində "İnter" (indiki "Keşlə") və "Qarabağ" klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib. C.Diniyev yenə 91 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Sabah"da Coşqun Diniyevin qardaşı Kərim Diniyev də çıxış edir. K.Diniyev komandanın vitse-kapitanıdır. Debütant buna qədər "Qəbələ"dən Təmkin Xəlilzadə və "Neftçi"dən Rəşad Eyubovun keçidini həll edib.