Qazaxıstanın "Astana" komandası baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında qış təlim-məşq toplanışına başlayıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunub. Günün ilk yarısında komanda üzvləri idman zalında, günortadan sonra isə meydanda çalışıblar. Qriqorçuk toplanışa əsas komanda ilə yanaşı, əvəzedici heyətdən 1999-2000-ci il təvəllüdlü 7 oyunçunu cəlb edib. Dəvətlilər siyahısında ötən mövsümü "Qarabağ"da icarə əsasında keçirmiş Pedro Enrike də var.
Qeyd edək ki, "Astana" Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanı icarə əsasında Ağdam klubuna qaytarıb. Roman Qriqorçuk isə 2018-ci il avqustun 17-də şəxsi işlərini səbəb göstərərək, tərk etdiyi baş məşqçi postuna qayıdıb.