Qazaxıstanın “Astana” klubunun futbolçusu Pedro Enrike “Qarabağ”a dönmək istəmir.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı braziliyalı yarımmüdafiəçi bu barədə “Arena FM”ə müsahibəsində bildirib. O, deyib ki, Avropanın bir sıra klublarından gələn təklifləri geri çevirib: “Braziliyanın bir sıra klubları xidmətimdə maraqlıdır, amma menecerimdən məni PAOK-a qaytarmağa cəhd göstərməsini istədim. Avropanın da təkliflərim vardı. Lakin onlar məni qanə etmədi. Mənim üçün pioritet PAOK-a qayıtmaq və ya Braziliyada qalmaqdır”.
“Astana” Enrikeni ötən ilin yayında Yunanıstan PAOK-undan bir illik icarəyə götürsə də, yarımmüdafiəçi Qazaxıstanda qalmaq istəmir. Hazırda vətənində olan futbolçu paytaxt təmsilçisinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışına qatılmayıb. O, PAOK-a dönməsindən ötrü klublar arasında razılığın əldə olunmasını gözlədiyini söyləyib.
Qeyd edək ki, Pedro Enrike ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış edib. Ağdam təmsilçisi qış fasiləsində sabiq futbolçuları – Reynaldo və Riçard Almeydanı geri qaytarıb. Baş məşqçi Qurban Qurbanovun braziliyalı yarımmüdafiəçini də yenidən sərəncamında görmək istədiyi bildirilirdi.