İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu vətəni Portuqaliyada İnfant don Enrike (Milli Cəngavər) ordenindən məhrum edilə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Portuqaliya prezidenti Marselu Rebelu di Souza açıqlama verib. O, səbəb kimi İspaniya məhkəməsinin 34 yaşlı forvardı 23 aylıq həbs cəzasına və 18,8 milyon avro cəriməyə məruz qoymasını səbəb göstərib. Ronaldu ölkənin ən nüfuzlu mükafatlarından birini 2014-cü ildə alıb.
Prezident deyib: "Qanun çox sadədir: nazirlər baş verənlərin mükafatın itirilməsinə səbəb olub-olmaya biləcəyini həll etməlidirlər. Biz müvafiq qərarı qəbul etməyi belə bir qanuni səlahiyyətlərə malik olanlara buraxmalıyıq".
Ronaldu 2011 - 2014-cü illərdə İspaniya "Real Madrid"ində çıxış etdiyi vaxt dörd fərqli vergi cinayətlərinə yol verməkdə və dövlətə 14,7 milyon avro zərər vurmaqda ittiham olunub. O, şərti cəza çəkəcək. İspaniya qanunlarına əsasən, cəza müddəti 2 ili keçəcəyi təqdirdə, məhkum həbsxanaya aparılır.