Ukrayna milli komandasının əslən azərbaycanlı eks-futbolçusu Aleksandr Əliyev növbəti qalmaqalla üzləşib.
Sportnet.az-ın məlumatına görə, sabiq yarımmüdafiəçi keçmiş həyat yoldaşı Tatyana Əliyevanı döyməkdə günahlandırılır. T.Əliyeva "1+1" telekanalının efirində ərinin fiziki təzyiqlərinə məruz qaldığını bildirərək, bununla bağlı video nümayiş etdirib. O, məhkəmə vasitəsilə A.Əliyevi valideynlik hüququndan məhrum etməyə nail olmaq istədiyini açıqlayıb: "Məhv olsam, onun əlində öləcəyəm. Daim məni hədələyir. O, məni qaldığım evdən qovub, başımda çarpayını sındırıb. Belə hadisələr 8 ildir baş verir. O, uşaqlara deyir ki, ananız daha yoxdur".
A.Əliyev isə keçmiş həyat yoldaşının ittihamlarını cavabsız qoymayıb. O, arvadına əl qaldırmağını və zorakılıqla bağlı istənilən açıqlamanın yalan olduğunu bildirib. Bununla yanaşı, sabiq futbolçu T.Əliyevanı evdən qovduğunu təsdiqləyib: "Bəli, onu qovmuşam. Qoy, zibilxanada yaşasın. Uşaqlar isə layiq olduqları mənzildə qalmalıdırlar. Məhkəmənin qərarı olacaq. Uşaqlar analarını şənbə-bazar günləri görməlidirlər".
Azərbaycanlı futbolçunun ünvanına keçmiş həyat yoldaşını döyməsinə dair ittihamlar birinci dəfə səsləndirilmir. T.Əliyeva 2016-cı ilin fevralında da polisə müraciət edib. Bundan sonra keçmiş yarımmüdafiəçi polis bölməsinə aparılaraq, barəsində inzibati protokol tərtib olunub. Həmin il cütlük boşanıb. Lakin A.Əliyevin uşaqlara aliment ödəmək istəmədiyi bildirilir. Bu səbəbdən, onun borcu 190 min qrivnaya (təqribən çatıb.
Qeyd edək ki, Aleksandr Əliyev futbolçu karyerasının böyük hissəsini Ukraynanın "Dinamo" (Kiyev) komandasında keçirib. O, Rusiyanın "Lokomotiv" (Moskva) və "Anji" klublarında da forma geyinib.