"Fikrimcə, maraqlı matç alındı. Deyərdim ki, bu, əsl derbi idi. Hiss olunurdu ki, hər iki komanda qalib gəlmək istəyir. Bugünkü oyunu gözəlləşdirən azarkeşlər oldu. Futbolçularıma, nəticəyə baxmayaraq, təşəkkür etmək istəyirəm. Layiqli mübarizə apardılar.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Komandanızın çempionata hazır olmadığı görünürdü...
- Əlbəttə. çatışmazlıqlar var. Pis oyun göstərmədik. Xeyli düşünülmüş hücumlar qurduq. 2-3 turdan sonra daha mobil komanda olacağıq.
- Qış fasiləsindən əvvəlki və indiki "Neftçi" arasında fərq gördünüzmü?
- Fikir demək tez olar. "Neftçi"də ilk dövrədə olduğu kimi, qalib ruhu hiss olunurdu. Göründü ki, ciddi hazırlaşıblar. Yenə də bizə asan olmadı.
- Rəqib həmkarınız Roberto Bordin nəticəni uğurlu saydı. Bəs siz?
- Normal nəticədir. Qalib gəlsəydik, daha yaxşı olardı. Buna rəğmən, qarrşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Rəqib də 3 xallıq fərqi qoruyub saxlamaq istəyirdi və buna nail oldu.
- "Qarabağ"a qayıdan Riçard Almeydanın oyunu sizi qana etdi?
- Bəli, Hər bir futbolçudan razı qaldım.