"İlk növbədə hər birimizi və böyük əzmkarlıq nümayiş etdirən futbolçuları təbrik edirəm. Onlar son iki oyunda biri-birilərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər”. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Belçikanın Eysden şəhərindəki "Patro Eysden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Bosniya və Herseqovina - Azərbaycan qarşılaşmasını canlı izləyən Məmmədov 1:1 hesablı heç-heçəylə növbəti raunda yüksələn yığmamızın uğuruna münasibət bildirib: Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə oyunda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazandı. Bu bizim önəmli bir uğur idi. 5 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldır. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız elit mərhələdə oynayacaq. Bütün komandanı və azarkeşləri təbrik edirəm. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək”.