"Aydın məsələdir ki, bizi çətin oyun gözləyir".
Bunu Sportnet.az-a açıqlamasında hazırda "Qarabağ"da çıxış edən "Qəbələ"nin sabiq futbolçusu Filip Ozobiç iki komanda arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XVII tur matçı barədə danışarkən deyib. Xorvatiyalı yarımmüdafiəçinin sözlərinə görə, keçmiş və indiki klublarının görüşləri həmişə maraqlı alınıb. Onun fikrincə, qarşıdakı oyunda belə olacaq.
Digər tərəfdən, 28 yaşlı yarımmüdafiəçi "Qəbələ"nin qış fasiləsindən sonrakı ilk 2 iki matçından maksimum xalla ayrıldığına diqqət çəkib: "Bu komanda mövsümün ikinci yarısına daha iddialı başlayıb. Amma biz də oyuna ciddi hazırlaşırıq. Maraqlı oyun olacaq".
Qeyd edək ki, fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 17:30-da başlanacaq. Oyunu FIFA referisi Rəhim Həsənov idarə edəcək.