"Tovuz Futbol Akademiyasında təhsil alan uşaqlar "Turan Tovuz" klubuna məxsus olacaqlar. Onlar bazada qalaraq, təhsil alacaqlar. Klubun həmin futbolçuları başqa komandalara da satmaq imkanı olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, bütün klubların AFFA-nın uşaq futbolu üçün ayırdığı vəsaiti hara xərclədikləri maraqlıdır: "Biz bu vəsaiti klublara köçürdük. Amma qış fasiləsində əcnəbi futbolçuların alınmasından danışıldı. Mən gözləyirəm ki, mövsümün sonunda klublar vəsaiti hara xərclədiklərini açıqlayacaqlar. Bu, FIFA-nın tələbinə əsasən açıqlanmalıdır. Bu, 500 min avronun məhz bu mövsüm xərclənməli olduğu anlamına gəlməməlidir. Xərclər iki ili də əhatə edə bilər. Amma hesabatlar təqdim olunmasa və vəsaitin uşaq-yeniyetmələrin inkişafına sərf olunduğu açıqlanmasa, növbəti mövsüm həmin vəsait ödənilməyəcək".