“Çətin oyun oldu. Bu haqda uşaqlara məlumat vermişdim. Hamı video-analizlərdə, məşqlərdə məsuliyyəti dərk edirdi. Bilirdik ki, “Keşlə” aqressiv oynayacaq. Meydanın durumu ilə bağlı narahatlıq var idi. Oyunöncəsi məşqi də bura salmamışdıq. Sevindiricidir ki, zədəsiz qələbə qazandıq. Çempionatın sonları çətin olacaq”.
Sportnet.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- “Zirə” və “Sumqayıt”la oyunlarda da hesabda öndə idiniz, son dəqiqələrdə qol buraxdınız. Bu gün də az qala belə hal təkrarlanacaqdı. Bu, nə ilə bağlıdır?
- Bu haqda videolarımız var. Sadəcə, futbolçular hesabda öndə olanda müdafiə haqda düşünürlər. Konsentrasiya itkisi olur. Bunun acısını çəkirik. Belə bir tapşırıq vermirik. “Zirə” ilə oyunda rəqib bizi müdafiəyə çəkilməyə məcbur elədi. Elementar top itkiləri olanda məcburiyyətdən müdafiəyə çəkilirsən. Bunu gərginliyə bağlayıram.
- Davit Volkov bu gün yaxşı çıxış etdi. Lalavele Atakoranın ehtiyatda qalması Volkovun daha yaxşı olması ilə bağlıdır?
- Çalışırıq ki, rəqabət olsun. Verilən tapşırığı futbolçuda görmədikdə məcbur dəyişiklik edirsən. Volkov tapşırıqları 99 faiz dəqiq yerinə yetirir.
- Klub prezidenti olmadan ilk oyuna çıxdınız və ilk dəfə kənardan belə güclü azarkeş dəstəyi aldınız...
- Klubda hər şey normal, qaydasında gedir. Azarkeşlərə təşəkkür edirəm. Əziyyət çəkib bu qədər yol gəliblər. Qələbə əhval-ruhiyyəsi ilə qayıdacaqlar. “Qəbələ”nin ev oyunlarında da bu qədər azarkeş görmək istəyirdik.
- Azarkeşlərin hamısı Qəbələdən gəlmişdi?
- Qəbələdən gələnlər də var. Ola bilsin ki, burda da azarkeşlərimiz olsun. Hamısına təşəkkür edirik.