“Hər iki komanda üçün vacib oyun idi. Dörd gündən bir meydana çıxmaq bir az çətindir. Rotasiya edə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov səfərdə “Səbail”ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis psixoloji yorğunluğu aradan qaldırmağa çalışdıqlarını bildirib.
O, ikinci hissədə daha yaxşı oynadıqlarını iddia edib: "Əlverişli qol imkanları yaratdıq. Amma bu imkanlardan istifadə edə bilmədik. Məğlub olunacaq oyun deyildi. Xüsusilə də ikinci hissəyə əsasən belə demək olar. Bu oyun geridə qaldı. Qarşıdakı kubok matçına ciddi hazırlaşmalıyıq. Bürünc medal şansımız möcüzəyə bağlıdır. Biz peşəkarıq, sonadək işimizi davam etdirməliyik. Çempionatda iki oyunumuz qalıb, maksimum nəticə qazanmağa çalışacağıq. Sabahdan kubok görüşünə hazırlıqlara başlayacağıq. Çox ciddi oyunumuz var. Əlbəttə ki, çətin olacaq”.