"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXVI turunda "Neftçi"yə səfərdə 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.
Sportnetaz xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda fikirlərini bölüşüb.
- Əlbəttə, bu səfər matçının çətin olacağını bilirdik. Çünki "Neftçi" çempionluğa oynayan komandadır. Ancaq bizim durum da bəllidir, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Çalışdıq ki, heyətdə balans yaradaq. Futbolçularımız alışıb yanırdılar. Xüsusilə də gənclər. Fəxr edirəm ki, belə futbolçularım var.
- Belə düşünmək olardı ki, çempionatı kuboka qurban verəcəksiniz. Qələbəyə inamınız vardı?
- Əlbəttə. kuboku da fikirləşirik. Onu heyətdə də gördünüz. Bəzi futbolçularımıza istirahət vermişdim. Bu gün meydana buraxdıqlarıma inanıram. İnanmadıqlarımız bizimlə deyillər. Bəlkə də bu 2 gün oyuna ən rahat hazırlaşdığımız idi. Baxşəli Baxşəliyevin ilk oyunu idi. Futbolçularımızı təzyiq altında saxlamadıq. İlk hissədə taktiki tapşırıqlarımız yerinə yetiridk. Ancaq ikinci hissədə çətin anlar oldu, bəzi dəyişiklikləri etdik. Futbolçularıma həmişə inanmışam.
- "Neftçi"nin sizdən çəkdiyi nədi?
- (gülür) Nə mənada?
- Bu mövsüm o qədər büdrətmisiniz ki..
- Bu barədə danışsam, başqa cür başa düşərlər. Çalışmışam ki, komandamı yaxşı hazırlayım. Uda bilmədiyim komandalar da var. "Neftçi" ilə oyunlar bir az maraqlı olur.