Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə 70 yaşlı mütəxəssisin özü açıqlama verib.
Argentinalı baş məşqçi 2023-cü ilin mayından Uruqvay yığmasına rəhbərlik edir. Byelsanın rəhbərliyi altında komanda 33 oyun keçirib. Bu görüşlərin 16-da qalib gələn uruqvaylılar 10 matçda heç-heçə edib, 7 qarşılaşmada isə məğlub olublar.
Təcrübəli mütəxəssis qərarı ilə bağlı danışarkən Uruqvaya minnətdar olduğunu bildirib: “Millidəki işim dünya çempionatından sonra başa çatacaq. Futbol üzrə dünya çempionatı kimi möhtəşəm turnirdə iştirak etməyə imkan yaratdığı üçün Uruqvaya daim minnətdar olacağam”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Uruqvay millisi qrup mərhələsində İspaniya, Səudiyyə Ərəbistanı və Kabo-Verde yığmaları ilə qarşılaşacaq.













































































