2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Kot dİvuardan olan futbolçu Kristian Kuaku ilə anlaşıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
1991-ci ildə Abican şəhərində anadan olan Kristian futbol həyatına "Toumodi" klubunda başlayıb. O, 2007-ci ildə "Anderlext" FutbolAkademiyasına transfer olub və 3 il gənclər komandasında top qovub. 2010-cu ildə "Anderlextd"ən ayrılan forvard "Muangtong Yunayted"lə (Tailand) müqavilə bağlayıb. Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. Uğurlu oyunu ilə fərqlənən Kristian fransızların diqqətini çəkib və Fransanın "Tur" klubuna transfer edilib. Sözügedən komandanın uğurları üçün 3 mövsüm (2012-2015) tər tökən hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb. Daha sonra Kristian Fransada "Kan" və "Nim" kollektivlərinin formasını geyinib. Forvardın son komandası Çexiya "Karvina"sı olub.