Beynəlxalq miqyasda hakimliyə 2014-cü ildə başlayan italiyalı baş hakim Davide Massa indiyədək həm Kipr APOEL-i, həm də "Qarabağ"ın bir oyununu idarə edib.
Sportnet.az xəbər verir ki, 38 yaşlı referi Kipr təmsilçisinin 2015/2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Vardar"la Makedoniyada keçirdiyi oyunda iş başında olub. Həmin görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Təcrübəli baş hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduğu II tur matçında da fit çalıb. O, Ağdam komandasının futbolçusu Maksim Medvedevə sarı vərəqə göstərib.
Massanın ilk oyunlarından biri isə 2014/2015 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"inin (indiki "Keşlə") İsveçdə "Elfsborq"a 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmaya təsadüf edib.
Qeyd edək ki, avqustun 6-da Nikosiyadakı GSP stadionunda keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.