
"Çətin oyun alındı. Hamımız qələbəni istəyirdik. Külək də mane olurdu. Buna baxmayaraq, gücümüzün 100 faizini ortaya qoyduq. Düşünürəm ki, layiqli qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Sərtan Taşkın Premyer Liqanın V turunda "Sabah"a evdə 1:0 hesabı ilə qalib gəldikləri görüş haqda danışarkən deyib. Komandasının yeganə qoluna imza atan cinah oyunçusu daha bir neçə şansının olduğunu söyləyib: "Vurduğum qoldan başqa daha 1-2 dəfə fərqlənmək imkanım oldu, yararlana bilmədim. Amma hiss edirdim ki, alınacaq. Bu üzdən sona qədər getdim. Sevinirəm ki, istəyimə çatdım".
22 yaşlı oyunçu ikinci hissədə qaçırdıqları imkanların onlara baha başa gəlməsindən qorxduğunu etiraf edib: "Fasilədən sonra kifayət qədər qol imkanından istifadə edə bilmədik. Belədə "vurmayana vurarlar" prinsipi adamı qorxudur. "Zirə" ilə görüşdə məhz bu cür olmuşdu. Hər dəfə bu barədə düşünürük. Bu dəfə daha kompakt futbol sərgilədik və bizdə hər şey alındı".
"Sumqayıt"ın ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazandığını xatırladan gənc futbolçu bununla "uğursuzluq zolağı"ndan çıxacaqlarına inanır: "Vəziyyəti düzəltməli olan şəxslər futbolçulardır. Bu durumdan məşqçi korpusu və futbolçular birlikdə çıxa bilərlər. "Sabah"la oyuna necə hazırlaşırdıqsa, inanıram ki, qarşıdakı matçlara da o cür hazırlaşsaq, çətin durumdan çıxarıq".
Gənclər millimizin sabiq üzvü VI turda "Qarabağ"la səfər oyununda xal qazana biləcəklərini düşünür: "Çalışacağıq "Qarabağ"la oyunda da xal qazanaq. Əlbəttə, rəqib çox güclüdür. Amma istənilən halda öz oyunumuzu göstərməyə çalışacağıq. Döyüşəcəyik və inanıram ki, xal ala bilərik".