
Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib. "Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb.
41-ci dəqiqədə Stiven Monroz künc zərbəsindən sonra başla fərqlənib. Bundan 3 dəqiqə sonra isə Anton Krivotsyuk eyni ssenari ilə topu qapıdan keçirib.
Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ağabala Ramazanov qoyub - 2:1.
Bu qələbədən sonra xalını 11-ə çatdıran "Neftçi" "Keşlə" ilə "üçlüy"ü qapayırlar. Bu komandalar lider "Qarabağ"dan 7 xal geri qalırlar. Hesabında 10 xal olan "Səbail" isə 4-cü pilləyə düşüb.
Qeyd edək ki, həftənin açılış matçında "Sumqayıt" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.
----------
Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk dövrədə son turun açılışında "Sumqayıt" "Keşlə"ni qəbul edib. "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. Mövsümdə ilk heç-heçəyə imza atan "Sumqayıt" isə xallarını 7-yə çatdırsa da, yenə 6-cı pillədə qalıb.
Qeyd edək ki, bu gün saat 19:15-də turun "Neftçi" - "Səbail" matçı start götürəcək. Oktyabrın 6-da isə "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları keçiriləcək.
---------
Bu gün Azərbaycan Premyer Liqasında birinci dövrənin son turuna start veriləcək.
Sportnet.az-ın məlumatına görə, VII turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Oyunlardan biri Bakıda, digəri isə Sumqayıtda olacaq.
Turun açılış matçında "Sumqayıt" "Keşlə"ni qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 6-cı, paytaxt klubu isə 10 xalla 2-3-cü yerləri bölüşdürür.
"Keşlə" ilə "Sumqayıt" Premyer Liqada indiyədək 28 dəfə üz-üzə gəliblər. Bunların 14-də qonaqlar, 7-də isə meydan sahibləri qələbə qazanıb. Topların fərqində də qonaqlar üstündür - 44:28. Paytaxt klubu 17 oyundur rəqibinə qarşı meydanı qolsuz tərk etmir. Komandalar arasındakı son 7 dueldə 3 və ya daha çox qol vurulub.
Günün digər qarşılaşmasında "Neftçi" "Səbail"lə qarşılaşacaq. Flaqman 8 xalla 4-cü pillədə qərarlaşıb. "Səbail" isə 10 xalla 2-3-cü yerləri bölüşdürür. Komandalar arasındakı keçirilən 8 oyunun 5-də "Neftçi", 2-də isə "Səbail" meydanı 3 xalla tərk edib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 18:6.
Qeyd edək ki, I dövrəyə sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, VII tur
5 oktyabr (şənbə)
17:00. “Sumqayıt” – “Keşlə” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”
19:15. “Neftçi” – “Səbail” - 2:1
Qollar: Stiven Monroz, 41. Anton Krivotsyuk, 44 - Ağabala Ramazanov, 81
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”