İspaniya Prokurorluğu "Real Madrid"in sabiq futbolçusu Xavi Alonsonun 2.5 il azadlıqdan məhrum edilməsini istəyir.
Sportnet.az "France Presse"ə istinadən xəbər verir ki, 38 yaşlı sabiq yarımmüdafiəçi 2010, 2011 və 2012-ci illərdə vergidən yayınmaqda şübhəli bilinir. Prokurorluğun məlumatına görə, Alonso İspaniya xəzinəsinə 2 milyon avrodan çox pulu ödəməyib. İttihama görə, o imic hüquqlarından əldə etdiyi gəlirləri gizlədib. Hazırda Madriddə məhkəmə iclası keçirilir.
Daha öncə prokurorluq Alonsonun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə, İspaniya millisinin sabiq oyunçusu 3 milyon avro ödəyib və ittiham tələblərini yumşaldıb. Bir neçə həftə ərzində məhkəmənin qərarı veriləcək.
Qeyd edək ki, Xavi Alonso İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" klublarının da formasını geyinib. O, İspaniya və İngiltərə təmsilçilərinin heyətində UEFA Çempionlar Liqasını qazanıb. Sabiq yarımmüdafiəçi İspaniya yığmasının heyətində iki dəfə Avropa çempionatını (2008, 2012), bir dəfə isə dünya çempionatının qalibi olub.