Bolqarıstan millisinin sabiq futbolçusu Xristo Stoiçkov UEFA-nı ölkəsinin klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib.
Sportnet.az xəbər verir ki, 53 yaşlı veteran hücumçusu “L’Equipe” nəşrinə açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Bolqarıstanın evdə İngiltərəyə 0:6 hesabı ilə uduzduğu matçda yerli azarkeşlərin irqçi davranışlarından xəcalət çəkdiyini bildirib. Onun sözlərinə görə, stadionları bağlamaq, azarkeşsiz oynamaq lazımdır:
“Bəlkə də daha ciddi cəza verilməsinin vaxtı gəldi. İngiltərə bundan keçib. Bolqarıstan klublarını 5 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırmaq lazımdır. Bu, hamının sakitləşməsinə kömək edərdi”.
Stoiçkov ABŞ-ın TUDN telekanalının efirində isə bolqarıstanlı azarkeşlərin irqçilik davranışlarını şərh edərkən ağlayıb.