"Sabah" klubundakı uğursuzluqların futbolçulardan yox, menecmentdən qaynaqlandığını dəfələrlə vurğulamışdıq. Baş məşqçi istefasından sonra da komandanın qeyri-sabit çıxış etməsi buna əyani misal idi. Bu klubda nəinki prezident Maqsud Adıgözəlovun, hətta idman direktoru Emin Abbasovun da özünü yuxarıdan aparması, əlbəttə, kollektivçilik ruhunun formalaşmasına müsbət təsir göstərə bilməz. Düzdür, mövsümün əvvəlində klub rəhbərliyi futbolçularla pizza qonaqlığında görüşmüşdü. Amma həmin vaxt Abbasovun oyunçularla ünsiyyət tərzini elə bu foto açıq-aydın göstərirdi:
Bugünlərdə isə komanda yenidən bir araya gəlib. Bu dəfə millidə də çıxış edən Rəşad Eyubovun toyunda. Amma kollektiv fotodan görünür ki, nə Adıgözəlov, nə Abbasov, nə də baş məşqçi səlahiyyətlərini icra edən İqor Ponomaryov komanda ilə birgədir. Əvəzində baş məşqçi postundan vurulmuş Elşad Əhmədov irəli verilib. Necə deyərlər, Məqsəd (İsayev) orda idi, Maqsud (Adıgözəlov) yox...
Təbii ki, klub menecmentinin futbolçunun şad gününə qatılmadığını iddia etmirik. Heç bununla bağlı araşdırma da aparmamışıq. Amma hətta onlar komanda ilə birgə olublarsa belə, kollektiv şəkil çəkdirməkdə niyə iştirak etməsinlər ki?!
Belə ab-havada "Sabah"ın futbolçusunun öz klubunda yox, millidə daha yaxşı oyun sərgiləməsi təbiidir. Çünki yığmadakı atmosfer klubdakı ilə eyni deyil.
Görəsən, "Sabah" menecmentini göylə getməyə sövq edən nədir? Buraxın Çempionlar Liqasını, bəlkə Avropa Liqasının qapısını aralayıblar? Yaxud turnir cədvəlindəki yerlərinə tərsinə baxıb feyziyab olurlar? Ya da futbolçuları tam tərkibdə istefaya göndərmək istəyirlər?
Heç bir təcrübəsi olmayan birisini gətirib klub prezidenti qoyanda belə də olacaq. Naşılıq hər addımından bilinir. Əcəba, MAQSUD hara, MƏQSƏD hara?
Seymur XƏZƏR