İspaniyanın "Albasete" klubu Eddi İsrafilovu Azərbaycan millisinin düşərgəsinə bəhanə ilə buraxmayıb.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, əslində klubu bu addıma "Saraqosa" ilə noyabrın 16-da səfərdə keçiriləcək II Liqanın XVI tur matçı ərəfəsində oyunçu qıtlığı ilə üzləşməsi sövq edib. Baş məşqçi Luis Migel Ramis qarşıdakı görüşdə 5 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Hücumçu Rey Manaj Albaniya millisinin düşərgəsinə çağırılıb. Müdafiəçi İvan Kekoyeviç sarı vərəqə limitini doldurub. Qapıçı Xose Antonio Karo, müdafiəçi Niko Qorosito və yarımmüdafiəçi Dieqo Barri zədəlidir. Beləliklə, "Albasete"nin 4 mərkəz müdafiəçisi - Qorosito, Karo, Kekoyeviç və Alvaro Arroyodan yalnız sonuncusu şənbə qarşılaşmasında oynaya bilər. Bu halda baş məşqçinin İsrafilovu mərkəz müdafiəçisi mövqeyinə çəkə biləcəyi güman olunur.
15 turdan sonra "Saraqosa" 23 xalla 6-cı, "Albasete" 22 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin noyabrın 16-da Bakıda Uelslə keçirəcəyi AVRO-2020-nin seçmə oyununda iştirak etməyəcək. AFFA İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problemin yaranmasını səbəb göstərib. İspaniya futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib. Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib. İsrafilov millinin noyabrın 19-da səfərdə Slovakiyaya qarşı keçirəcəyi AVRO-2020-nin seçmə oyununun hazırlıq prosesinə qatıla biləcək.