
"Bugünkü matç maraq doğururdu. İki komanda da turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu".
Sportnet.az-ın məlumatına görə bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XII turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Hacıyev məğlubiyyətin səbəbini heyətdəki problemlərlə əlaqələndirib: "Bəzi problemlərimiz var. Hücumçular Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidir. Son məğlubiyyətdən sonra az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi. Çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış fasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdır. İddialı olacağıqsa, heyət güclənməlidir".
38 yaşlı mütəxəssis bildirib ki, komandada rəqabət istənilən səviyyədə deyil: "Şəhriyar Rəhimov yığmada iki oyun 90 dəqiqə meydanda oldu. Çox yorğun idi. Digər mövqelərə baxanda müdafiədə rəqabət var".
Hacıyev oyunun qırılma anının Adil Nağıyevin qırmızı vərəqə alması olduğunu vurğulayıb: "Təcrübəli futbolçular belə anlarda daha yaxşı çıxış etməlidir. Komandada bu çatışmır. Çünki gənc oyunçular çoxdur".