"Sabah" komandasının yeni baş məşqçisi Jelko Sopiç təyinatı barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, xorvatiyakı mütəxəssis klubun rəsmi saytına açıqlamasında gələcək hədəfləri barədə də fikirlərini bölüşüb. O bildirib ki, “Sabah”dan təklif aldığı vaxt bir qədər tərəddüd edib: "Çünki son mövsümdə BƏƏ-nin “Əl-Əyn” komandasında köməkçi-məşqçi kimi çalışırdım. Bu komanda ilə klubun tarixində ilk dəfə ölkə çempionluğunu və kubokunu qazanmışdıq. Növbəti il isə bu klubun U-21 komandası ilə 7 illik fasilədən sonra ilk çempionluğu qazandıq. Ən əsası isə U-21-in 5 futbolçusu əsas komanda ilə müqavilə bağladı. Daha sonra “Sabah”dan təklif gəldi. Azərbaycan barədə çox şey bilmirdim. Ancaq bura gəldikdən sonra qısa müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, bura gözəl və sakit ölkədi. Buranın əhalisi çox yaxşı və mehribandır".
Sopiç “Sabah”ın gənc klub olmasına baxmayaraq, Azərbaycanın yüksək liqasında mübarizə aparmasına da diqqət çəkib: "Prezidenti ilə söhbətdən sonra klubun gənc futbolçularla bağlı gələcək planları, həmçinin Premyer Liqadakı hədəfləri məni cəlb etdi. Komanda keçən mövsümü 7-ci pillədə başa vurub. Bizim əsas hədəfimiz daha yaxşı nəticələr əldə etməkdir. “Sabah” kimi gənc və hədəfləri olan klubda çalışmaq mənim üçün yeni çağırışdır. Klubun inkişafı üçün birlikdə mübarizə aparacağıq. Uğur üçün bütün diqqətimizi yaşıl meydana yönəltməli, gələcək oyunlarımıza köklənməliyik. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edər və qələbə sevinci yaşayarıq”.