"Rəqibi təbrik edirəm. Oyunun əhəmiyyətli olduğunu bilirdik. "Qarabağ"la oyundan sonra narahat idim. Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik. Futbolçular həmin qələbənin ab-havasında idilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIII turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis ikinci hissədə yaxşı təsir bağışladıqlarını bildirib. O, qalan oyunlarda təzyiqdən çıxmağa çalışacaqlarını söyləyib: "Qrafikimiz də sıxdır. "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq istəyirik".
Abbasov onu da qeyd edib ki, məğlubiyyətin məsuliyyətini hansısa oyunçunun üzərinə atmaq istəmir: "Gənc oyunçularımız çoxdur. Futbolçu səhv edə bilər. Bu, normaldır. İl boyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz isə o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq məğlub olduq".