"Çox istəyirəm ki, Azərbaycanda futbol inkişaf etsin. Çünki futbolu güclü olan ölkədə digər növlər də dirçəlməyə başlayır".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə söhbətində deyib. Təcrübəli mütəxəssis "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisində uzun müddət çalışa bilməməsinə toxunub. O, Qurbanovun yığmada çox duruş gətirməməsinin özünə də maraqlı olduğunu söyləyib: "Mən Qurbanovun milliyə baş məşqçi təyinatını dəstəkləmişdim. Çünki yerli mütəxəssis öz oyunçularımızın psixologiyasını yaxşı bilir".
Qarayev dünya futbolunu da izlədiyini diqqətə çatdırıb. Federasiya rəsmisi nəticələr zəif olduqda baş məşqçinin göndərilməsini təbii hal adlandırıb. O, misal kimi Maurisio Poçettinonun İngiltərə "Tottenhem"indən istefasını göstərib. I vitse-prezidentin sözlərinə görə, xaricdə çalışmaq üçün gərək həmin ölkənin ən azı dilini biləsən: "Almaniya "Bavariya"sının Poçettino ilə maraqlandığı bildirilir. Amma klubun ilkin şərti budur ki, alman dilini öyrənməlisən".