
"Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Jelko Sopiç evdə "Səbail"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridir, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədir?
- Komandamda ən hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.
- Marko Deviç və Ulis Diallo niyə oynamır?
- Marko zədəlidir. Ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.
- Ramil Şeydayevin hazırkı durumu necədir?
- Çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onun üçün hər şey o qədər də asan deyil. O, yalnız fərdi məşq edir. Mən inanıram ki, bizimlə bir müddət olduqdan sonra zədəsiz şəkildə oynaya biləcək.
- Qırmızı vərəqə olmasa nəticə lehinizə olacaqdımı?
- Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.
- Son 3 oyunda 7 xal qazanmısınız. Bunu davam etdirmək çətin olmaz?
- Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.
- Qırmızı vərəqə olmasaydı, Ramil Şeydayevə daha çox şans verməyi düşünmürdüz, yoxsa bu qədər kifayətdi?
- Bəlkə də, ona yarım saat şans verə bilərdik. Onunla bağlı risk etmək, hazırlıqsız oynayıb zədə almasını istəmirik. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O məşqlərdə çox çalışır.
- Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsız?
- Onunla fikirlərimi özünə bilrdidim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.