Almaniyanın II Bundesliqa təmsilçisi "Ştutqart"ın icarədə olan futbolçularının çıxışını və yenidən komandaya qayıdış şanslarını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, "liga-zwei.de" saytının hazırladığı yazıda "Qarabağ"ın formasını geyinən Ailton Silvanın da gələcək taleyindən bəhs olunub.
Braziliyalı müdafiəçinin bu mövsüm Ağdam təmsilçisinin heyətində Avropa Liqasının qrup mərhələsində bütün oyunlarda meydana çıxdığını xatırladan nəşr onun sabit oyun sərgilədiyini vurğulayıb. Buna baxmayaraq, 25 yaşlı oyunçunun yenidən "Ştutqart"da oynamaq şansı qazanıb-qazanmayacağının şübhəli olduğu bildirilib.
Qeyd edək ki, 2015/2016 mövsümündə "Neftçi"nin formasını geyinmiş Ailton Silva ötən yay icarə əsasında "Qarabağ"a keçib. Onun müqaviləsi cari mövsümün sonuna qədərdir.