Əfsanəvi şotlandiyalı futbolçu və məşqçi Kenni Dalqlişin koronavirus testi müsbət çıxıb.
Sportnet.az-ın "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, 69 yaşlı mütəxəssisdə yoluxma ciddi olmayıb. Xəstəxanaya gedənədək ailəsi ilə birgə özünü könüllü təcrid edib. O, belə rejimdə tövsiyə olunan müddətdən çox qalıb. Ailəsi Dalqlişin tezliklə evinə qayıdacağını bildirib.
Qeyd edək ki, Kenni Dalqliş futbolçu kimi yalnız Şotlandiya "Seltik"i və İngiltərə "Liverpul"unda forma geyinib. O, 1985 - 1991 və 2011 - 2012-ci illərdə "Liverpul"un baş məqçisi olub. Dalqliş "qırmızılar"a 3 çempionluq, 2 ölkə kuboku, 4 Superkubok, habelə Liqa Kuboku qazandırıb. Təcrübəli mütəxəssis "Blekbern"lə də çempion olub. 2000-ci ildə o, "Seltik"i tərk etdikdən sonra 11 il məşqçi kimi çalışmayıb. Daha sonra Dalqliş bir il "Liverpul"a rəhbərlik edib və daha məşqçiliyə qayıtmayıb. Təcrübəli mütəxəssis 2018-ci ildə Cəngavər titulu alıb.