"Bakcell Arena"da Lisenziyalaşdırma
prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. Sportnet.az-ın məlumatına görə, UEFA-nın mətbuat üzrə
nümayəndəsi Yuliya Zinkoviçin rəhbərliyi ilə keçirilən məşğələlərdə Topaz
Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA
və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də KİV
nümayəndələri iştirak edib.
Seminarda
ilk olaraq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış
edib. Futbolun
inkişafında və təbliğində mətbuatın böyük rolunun olduğunu qeyd edən E.Məmmədov
seminarın proqramını iştirakçıların diqqətinə çatdırıb.
Yuliya
Zinkoviç əsasən UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının
seçmə mərhələsinin oyunlarında mətbuat xidməti əməkdaşlarının öhdəsinə düşən
vəzifələr və jurnalistlərin fəaliyyəti barədə danışıb, mövzu ilə bağlı
videoçarxlar və fotolar nümayiş etdirilib.
Seminar
iştirakçıları bir neçə qrupa bölünərək müxtəlif mövzularda olan sualların
düzgün cavabını müəyyənləşdirmək, tapşırığa uyğun ehtimal olunan problemlərdən
ən optimal çıxış yolunu tapmaq üçün müzakirələr aparıb, yekunda hər qrupun bir
təmsilçisi çıxış edərək qrupun gəldiyi ümumi qənaəti səsləndirib.
"Neftçi” PFK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə və "Qarabağ” klubunda eyni vəzifədə çalışan Nurlan İbrahimov UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən oyunlarda mətbuatın fəaliyyəti üçün görülən təşkilati işlərlə bağlı təcrübələrini bölüşüblər.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub və xatirə şəkli
çəkdirilib.