
İngiltərə çempionu olan "Liverpul" Almaniyanın "Bavariya" klubunun futbolçusu Tyaqo Alkantara ilə fəal danışıqlar aparır.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 29 yaşlı ispan yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edir.
"Bavariya" İspaniya millisinin üzvü üçün "Liverpul"dan 35 milyon avro istəyir. Oyunçunun bir mövsüm ərzindəki maaşı isə 8 milyon avrodur.
Qeyd edək ki, Tyaqo Alkantara 2019/2020 mövsümündə "Bavariya"nın heyətində 35 oyunda meydanda olub, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.