"Zirə" ilə müqaviləm başa çatdı. Qarşılıqlı razılıq əsasında sözləşməni uzatmamaq qərarına gəldik".
Report.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Zirə"dən ayrılan futbolçu Adrian Skarlatake komandadan ayrılması barədə danışarkən deyib.
Rumıniyalı müdafiəçi bildirib ki, klubda maliyyə vəziyyəti yaxşı olmadığı üçün bu addımı atıb: "Açığı, yeni müqavilə barədə söhbət olmadı. Çünki hamı "Zirə"dəki maliyyə vəziyyətindən xəbərdardır. Əvvəlki büdcə olmayacaq. Belədə, yüksək məvacib alan futbolçulara ödəniş etmək çətinləşəcək".
Hazırda Bakıda olan 34 yaşlı futbolçu növbəti həftə ölkəsinə qayıdacağını deyib: "Hazırkı məqamda Azərbaycan klublarından təklif yoxdur. Gələn həftəyədək gözləyəcəyəm. Yeni komanda tapmasam, Rumıniyaya qayıdacağam".
Qeyd edək ki, Azərbaycanda 2012-2015-ci illərdə "Xəzər Lənkəran"ın, 2016-2018-də "İnter"in (hazırkı "Keşlə") formasını geyinmiş Adrian Skarlatake 2018-ci ildən "Zirə"də çıxış edirdi.