"Neftçi"nin yeni transferi Cabir Əmirli klubun televiziyasının suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, 23 yaşlı müdafiəçi belə komandaya transfer olunduğu üçün çox sevindiyini bildirib. O, keçirdiyi hissləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini vurğulayıb: "Belə deyim, bu hissləri ancaq yaşamaq gözəldir, sözlə ifadə etmək çətindir. İdmanda belə bir deyim var, rəqabət olan yerdə həmişə artım olur. Ona görə də öz oyunumla hər şeyi sübut edəcəyəm. Rəqabətlərdən çəkinmirəm. Sona qədər mübarizə aparacağam. “Keşlə”də yarımmüdafiəçi kimi də, müdafiənin solunda da, sağında da çıxış etmişəm. Mənə doğma olan mövqe müdafiənin sağıdır, amma müdafiənin solunda və ya yarımmüdafiəçi kimi də çıxış edə bilərəm. Uşaq futbolunda da “2 nömrə” oynamışam, ona görə də “2” nömrə ilə oynamağı xoşlayıram. İlk matçda daha yaxşı oyunumu göstərəcəm ki, komandama xeyir verim. Bütün azarkeşlərin fikri önəmlidir. Onlara hörmətlə yanaşıram. Öz oyunumla bütün fikirləri yaxşı yerə yönəldəcəm. Hər bir tənqiddən nəticə çıxaracam, onun üzərində çalışacam. Elə edəcəm ki, öz oyunumla bütün azarkeşlərin sevgisini qazanım. Düzdür, azarkeşlərin fikri önəmlidir, amma bu, futbolçuya çox təsir etsə, pis nəticələnə bilər. “Neftçi”də məqsədim zirvələrə qalxmaq, daha çox uğur qazanmaqdır. Öz oyunumla əlimdən gələnin ən yaxşısını edəcəm ki, bütün azarkeşlərin sevgisini qazanım, onların ən sevimlisi olum”.