FIFA koronavirus pandemiyası səbəbindən milli komandaların oyun cədvəlində müəyyən düzəlişlər edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA istisna olmaqla, bütün konfederasiyalar üçün beynəlxalq oyunlar pəncərəsi 31 avqust - 8 sentyabr tarixlərindən 2022-ci ilin 24 yanvar - 1 fevral tarixlərinə təxirə salınıb.
Afrika Millətlər Kuboku 2022-ci ilin yanvarında keçiriləcək. Dəqiq tarix sonrakı mərhələdə müəyyənləşəcək.
Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyasının (CONCACAF) təşkil etdiyi Qızıl Kubokun ilkin mərhələsi 2021-ci il 2 - 6 iyulda, final mərhələsi isə 10 iyul - 1 avqust tarixlərində olacaq.
Həmçinin bu ilin 22 iyul - 7 avqust tarixlərində keçirilməsi planlaşdırılan qadınlar arasında Olimpiya Futbol Turnirinin vaxtı dəyişdirilib. Yarış 2021-ci 21 iyul - 6 avqustda keçiriləcək.
UEFA-dan başqa, bütün konfederasiyalarda milli komandaların 14 - 22 sentyabra nəzərdə tutulan beynəlxalq oyunlar pəncərəsi ləğv edilib.