
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Moldova "Şerif"ini qəbul edib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu III təsnifat mərhələsinə adlayıb.
Matçda hesab 22-ci dəqiqədə açılıb. Xayme Romeroya qarşı kobudluqdan sonra təyin olunan penaltini Uroş Matiç dəqiq yerinə yetirib. 39-cu dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Penaltiyə səbəb olan Anatol Abanq bu dəfə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. İlk hissə "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb.
İkinci yarıya da hücumlarla başlayan Qurban Qurbanovun baş məşqçi olduğu komanda 63-cü dəqiqədə 2-ci topu Tiraspol təmsilçisinin qapısından keçirib. Bu dəfə Abdullah Zubirin ideal ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Mahir Emreli fərqlənib. "Şerif"in gücü isə yalnız fərqi azaltmağa çatıb. Meydana sonradan daxil olmuş kolumbiyalı hücumçu Frank Kastanyedo 78-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb. Bu, eyni zamanda matçın yekun hesabı olub.
Bu məğlubiyyətdən sonra Çempionlar Liqası ilə vidalaşan "Şerif" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
Ağdamlıların ÇL-in III təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatma mərasimində müəyyənləşəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) - 2:1
Qollar: Uroş Matiç, 22 (pen.), Mahir Emreli, 63 - Frank Kastanyeda, 78
Qırmızı vərəqə: Anatol Abanq, 39 ("Şerif")
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu