"Hərbi xidmətdə olduğum vaxt Moskvanın MOİK-2 komandasında çıxış edirdim. Həmin vaxt bir çox komanda mənə "qulluq edirdi". Xüsusən, "Neftçi" məni heyətinə qatmaq üçün cəhdlər göstərirdi. Qərara gəlmişdilər ki, soyadım Hüseynovdursa, deməli, azərbaycanlıyam".
Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna yığmasının sabiq futbolçusu Timerlan Hüseynov "Komanda1" nəşrinə müsahibəsində deyib. Artıq karyerasını bitirmiş hücumçu 1989-cu ildə Azərbaycan klubunun təklifini qəbul etməməsinin səbəbini açıqlayıb: "Mən Dağıstanda Buynaksk şəhərində doğulmuşam. Anam isə ukraynalıdır. MOİK-2 ilə Xankəndiyə yerli "Qarabağ"la oyuna getdikdə məni Bakıda "Neftçi" rəsmiləri qarşıladılar. Mebelli mənzili göstərməyə apardılar, böyük pullar, avtomobil təklif etdilər. Amma mən razılaşmadım. Bir il sonra isə Qarabağ münaqişəsi başladı".
Qeyd edək ki, hazırda 52 yaşında olan Timerlan Hüseynov müstəqil Ukrayna futbolunda rəsmi matçlarda 100 qol həddinə çatmış ilk futbolçudur. O, "Zarya" (Luqansk), OİK (Kiyev), "Metallurq" (Zaporojye), "Zarya-MALS", "Çernomorets-2", "Spartak" (Sumı) və "Siqnal" (Odessa) komandalarının formasını geyinib.